Kürdəmir rayonunun Atakişili kəndində səyyar qəbul-görüş keçirilib
Fevralın 15-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Atakişili kənd inzibati ərazi dairəsinə daxil olan Atakişili və Şıxımlı kəndlərinin sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
Görüşdə giriş nitqi ilə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitliyindən, həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Kürdəmirdə həyata keçirilən sosial infrastruktur layihələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən ətraflı danışdı. Qeyd olundu ki, son illər ərzində rayonda 624 şagird yerlik Möhübbət Əzimov adına Kürdəmir rayon Atakişili kənd tam orta məktəbi, Bayraq Meydanı və Bayraq Muzeyi, Gənclər kafesi, 100 yerlik körpələr evi-uşaq bağçası, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibatı binası tikilmiş, Tarix Diyarşünaslıq Muzeyi və Qələbə parkı əsaslı təmir edilmişdir.
Rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin də iştirak etdikləri görüşdə rayon icra hakimiyyətinin Atakişili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əfqan Həmidov əraziyə daxil olan kəndlərin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verib. O, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında danışıb, bir sıra sosialyönümlü problemləri diqqətə çatdırıb.
Səyyar qəbul-görüşdə iştirak edən kənd sakinləri - ziyalı Məhəmmədəli Rəsulov, Əmək veteranı Sevil Osmanova, kənd ağsaqqalı Əmirxan Səmədov , pambıq istehsalçısı Məhəmməd Məmmədov və digərləri çıxış edərək son aylarda rayonda, eləcə də kənd ərazi vahidliyində görülən işlər barədə danışıblar.
Qəbulda kənd sakinlərinin təbii qaz, enerji və su təchizatı, kənd təsərrüfatı, sosial müdafiə, təhsil, mədəniyyət, səhiyyə, məşğulluq məsələləri ilə əlaqədar təklifləri və şikayətləri diqqətə çatdırılıb, onların hər biri barədə aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.
Qaldırılan məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapıb.