Kürdəmirdən Tokioya aparan yol
Respublikamızda mövcud olan texniki bitkilər arasında biyan xüsusi olaraq seçilir. Təsadüfi deyil ki, hələ lap dövri-qədimdən biyanın əhəmiyyəti, onun nə qədər qiymətli bitki olması dillərdə idi. Biyandan əczaçılıqda və ətriyyat sənayesində geniş istifadə olunur.
Məşhur loğman İbn Sina özünün “Həkimlik elminin qanunu” traktında biyan kökünü mədə və ağciyər xəstəliklərində işlətdiyi dərman və ən yaxşı bəlğəmgətirici kimi göstərib. Məlum olduğu kimi, biyan kökü bizim eradan çox-çox əvvəl aşkarlanıb. Hər bir ağıllı insan bu xeyirli bitkinin necə şirin dada malik olmasını görmək iqtidarında idi. Məhz elə bu xüsusiyyətinə görə də, həmin bitkini bir çox xalqlar “şirin kök” adlandırırlar. Hazırda Tibet təbabətində də spesifik müalicə ilə paralel olaraq biyanı qüvvətləndirici vasitə kimi təyin edirlər.
Biyan bitkisinin dünyada 18 növü yayılıb. Azərbaycanda isə onun 8 növünə təsadüf olunur. Şirin biyan Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən külli-miqdarda yetişir. Bu bitki Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərdə, Muğanda, Qobustanda, Abşeronda, Alazan-Əyriçay vadisində, inzibati rayonlardan Kürdəmir, Ucar və Bərdədə, Böyük Qafqazın şimal-şərqində, Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvanın düzənliklərində yayılıb.
Hazırda respublikamızın ayrı-ayrı regionlarında biyanın tədarükünü, emal və ixracını həyata keçirən qurumlar mövcuddur. Bunlardan biri də Kürdəmir rayonundadır. Əsasən emal və ixracla məşğul olan şirkətin fəaliyyəti ilə bağlı məlumat əldə etmək üçün “Azbiyan” MMC-nin direktoru Nizami Nəsirova müraciət etdik. O dedi:
- Mən eyni zamanda Yaponiyanın “Cokey Systems Co.LTD” şirkətinin baş direktoruyam. Yerli “Azbiyan” MMC və Yaponiyanın “Cokey Systems Co.LTD” şirkəti 2011-ci ildə təsis olunub və müştərək müəssisə kimi fəaliyyət göstərir. Layihənin reallaşdırılması ideyası ortaya çıxarkən əsasən biyanın daha çox olduğu ərazi seçilib. Bu halda da Kürdəmir və ətraf rayonlar nəzərdə tutuldu.
2012-ci ildə zavodun tikilməsi haqqında saziş imzalanıb və elə həmin ilin mayından icarəyə götürülmüş sahədə istehsalla əlaqəli tikinti-quraşdırma işlərinə başlanıb. 2013-cü ilin iyul ayının 1-dən müəssisə sınaq buraxılışına başlayıb. Həmin ilin oktyabr ayının əvvəlindən isə layihə gücünə uyğun məhsul istehsalına başlayıb.Bu işdə mütəxəssislərin hazırlanmasına da xüsusi diqqət yetirilib. Yaponiyadan gələn ixtisaslı kadrlar yerli işçilərə istehsal prosesində istifadə olunacaq avadanlıqları idarə etmək üçün 4 aylıq treninqlər keçiblər. İstehsal prosesi isə əsasən avtomatlaşdırılmış şəkildə, insan əli dəymədən gedir. İşçilər əsasən köklərin doğranıb un halına salınmasında və hazır məhsulun yığılmasında iştirak edirlər.Xammal daha çox Kürdəmir rayonundan alınır. Əlavə zərurət yarandıqda isə İmişli, Sabirabad, Zərdab, Saatlı, Göyçay, Ucar rayonlarından məhsul gətirilir. İstehsalçılardan biyan kökünün 1 tonu 150 manata qəbul olunur və nağd şəkildə ödəniş edilir.
Müəssisənin 43 nəfər daimi işçisi var. Bundan əlavə, biyan kökünün tədarükündə təxminən 400-ə yaxın insan çalışır. Bu da insanların məşğulluğunun təmin olunmasına və regionun inkişafına təsir göstərir.
Müəssisəyə Yaponiya şirkəti 5,6 milyon ABŞ dolları həcmində sərmayə qoyub. İstehsalat sahəsi ən müasir yapon texnologiyası ilə təchiz olunub. Yapon tərəfi ilə 10 illik müqavilə bağlanıb. Müqavilə şərtlərinə əsasən, məhsul başqa ölkəyə satıla bilməz. Burada emal olunan biyan duzu yalnız Tokionun nəhəng əczaçılıq şirkətlərindən birinə satılır. Müəssisəyə əvvəlcədən bazar qiymətinə uyğun ödənişi etməklə məhsulu alırlar.
Burada yarımfabrikat halında hazırlanan biyan duzu daha çox əczaçılıq sənayesində istifadə olunur. Əsasən ən təhlükəli xəstəliklərdən olan hepatitlə bağlı preparatlar hazırlanır. Ətriyyat sənayesi də biyan kökünün tətbiq sahələrindəndir. Əlavə olaraq bu kökdən istifadə olunmadan siqaret istehsalı mümkün deyil.
Müəssisədə il ərzində 90-110 ton arasında biyan duzu istehsal olunur. İndiyədək emal edilərək ixraca yönəldilən isə 400 tona yaxın olub. Bu da təxminən ölkəmizə həmin məhsulun ixracından daxil olan 5,5 milyon dollarlıq vəsait deməkdir. Hazırda istehsal bütün sutka ərzində davam edir. Anbarda ehtiyat da var.
Satış qiymətlərinin tənzimlənməsinə gəldikdə isə dünya bazarındakı qiymət fərqi nəzərə alınır. Hər 22,8 tondan bir (1 konteynerin tutumu) alıcı təşkilatla müqavilə təzələnir. Müsahibimiz deyir ki, əvvəllər dünya bazarında biyan duzunun qiyməti xeyli yüksək olub. Tonu 20-22 min dollara satılan məhsulun hazırda 1 tonunun dəyəri orta hesabla 6500 dollardır.
Qiymətin aşağı düşməsinin səbəbi isə Çinin də biyan kökünü emal edərək Yaponiyaya satması və MDB ölkələrində biyan tədarükünün artmasıdır. Elə yalnız Özbəkistan ildə 70 min ton xammal şəklində olan biyan kökünü Çinə satır. Qazaxıstan və Tacikistan da bu sıradadır. Hazırda Rusiya da bu işə girişib. Bu gün Kürdəmirlə əlaqəli fəaliyyət göstərən yapon kompaniyasının MDB dövlətləri üstünlük təşkil etməklə dünyanın fərqli ölkələrində 7 ədəd biyan emalı zavodu inşa olunur.
Onu da qeyd etmək lazımdır ki, qiymətin aşağı düşməsi biyan kökü tədarükçülərinə də sərfəli deyil. Konkret desək ölkəmizdə yaşanan devalvasiyadan əvvəl fərdi qaydada sahələrdən biyan kökünü toplayıb emal müəssisələrinə satanlar üçün qiymət əlverişli olub. Belə ki, əvvəllər insanlardan tonu 135 manata alınan məhsul dollar qarşılığında təxminən 173 dollar edib. Lakin devalvasiyadan sonra 1 ton üçün ödənilən 150 manat dollar ekvivalentində 90 dollardan da aşağıdır. Ona görə də bir sıra insanlar topladıqları biyan kökünü xammal şəklində ixrac etməyə üstünlük verirlər.
Amma qiymət oynamasından asılı olmayaraq bütün hallarda biyançılığın istər emalçılar, istərsə də tədarükçülər üçün sərfəli olduğunu deyə bilərik. Bunu şərtləndirən birinci amil biyan kökünün heç bir əziyyət çəkmədən təbiətin bizə bəxş etdiyi məhsul olmasıdırsa, ikincisi isə nə tədarük edənin, nə də emalçının real alıcı baxımından çətinlik çəkməməsidir.
Əli SƏLİMOV,