Kürdəmirdə əkin dövriyyəsinə əlavə torpaq sahələri cəlb olunur
Kürdəmir, 7 fevral, AZƏRTAC
Özəl sektorun inkişafına göstərilən dövlət dəstəyi, sahibkarlar üçün yaradılan əlverişli imkanlar 2017-ci ildə Kürdəmirə 46 milyon 260 min manat dəyərində özəl investisiya layihələrinin cəlb olunması ilə nəticələnib. Sərmayələr əsasən kənd təsərrüfatı, sənaye, tikinti, emal müəssisələri layihələrinə sərf edilib. İstixanaların tikilməsi, aqroparkların salınması, nar bağlarının genişləndirilməsi, yeni istehsal müəssisələrinin yaradılması məhz həmin sərmayələrin yatırılması hesabına həyata keçirilən layihələrdir.
AZƏRTAC xəbər verir ki, bütün bunlar Kürdəmirdə ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirilib. Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun məruzəsində, eləcə də müzakirələrdə iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatının, xüsusən ixracyönümlü məhsulların istehsalı ilə əlaqədar görülən işlərdən ətraflı danışılıb. Vurğulanıb ki, hesabat ilində 4027 hektar sahədə pambıq yetişdirilib, 5001 ton məhsul tədarük olunub. Pambığın əkilib becərilməsi və yığımına ümumilikdə 5 mindən çox işçi qüvvəsi cəlb edilib. Cari ildə pambıq əkini sahələrinin 1000 hektardan çox artırılacağı nəzərdə tutulur.
Ənənəvi sahə olan baramaçılığın inkişafı da diqqət mərkəzindədir. Keçən il 11 min 500 kiloqram barama istehsal edilib. İxracyönümlü məhsul olan baramaçılıq üçün yem bazasının möhkəmləndirilməsi xüsusi diqqət mərkəzindədir. Bu məqsədlə 114 min ədəd tut tingi əkilib. Cari ildə barama tədarükünün 20 tondan da yuxarı çatdırılması üçün lazımi təşkilatı və təsərrüfat tədbirləri görülür, yeni kümxanalar tikilir.
Ərzaq təhlükəsizliyi üçün xüsusi önəm kəsb edən taxılçılığın inkişafı sahəsində ciddi səylər göstərilir. Hesabat ilində 39 min 360 hektar sahədə məhsul yetişdirilib, 80 min 700 tonadək taxıl götürülüb.
Heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər artıqlaması ilə yerinə yetirilib. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb. Lizinq yolu ilə alınan 365 baş cins düyə artırılaraq 650 başa çatdırılıb. Süni mayalandırma yolu ilə 955 baş cinsi yaxşılaşdırılan bala alınıb.
Rayon ərazisində əkin dövriyyəsinə qatılmaq üçün 21 min 400 hektar yararlı torpaq sahələri ayrılıb, suvarma suyu ilə təmin olunması məqsədilə layihə və smeta sənədləri hazırlanıb. Şilyan massivində təyinatı əkinçilik məqsədilə dəyişdirilən 6150 hektar sahənin su təchizatı üçün Ərəbxana-Şilyan kanalının suötürmə imkanının artırılması məqsədilə Kür çayı sahilində nasos stansiyası, transformator yarımstansiyası üçün binalar tikilib, 1600 kv-luq transformator qurulub, 2 ədəd nasos alınıb, suötrücü qurğular quraşdırılıb.
Muradxan-Pirli massivində də təyinatı əkinçilik məqsədilə dəyişdirilən 4500 hektar sahənin suvarma suyu ilə normal təminatı üçün, demək olar ki, eyni işlər görülüb.
Məruzə və çıxışlarda tikinti-quruculuq, abadlıq işləri, yol infrastrukturunun yaxşılaşdırılması üçün görülən işlər, yaşayış məntəqələrinin qazlaşdırılması, su təchizatı, habelə təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri geniş müzakirə olunub.
Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov hesabat yığıncağında çıxış edərək regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrdən, aqrar sektorda aparılan islahatlardan, ixracyönümlü məhsulların istehsalının artırılması ilə əlaqədar ölkə başçısının qarşıya qoyduğu konkret vəzifələrdən danışıb.