Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə ötən il 144 milyon manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub

29 yanvar 2018 | 16:00

Kürdəmirdə keçən il aqrar sektorun inkişafı istiqamətində ciddi irəliləyişə nail olunub. Belə ki, 2017-ci ildə Kürdəmir rayonunda 144 milyon 915,5 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 18 milyon 941 min manat və ya 13,1 faiz artıb. Bununla da rayonda ümumi məhsul buraxılışının 40,6 faizi kənd təsərrüfatının payına düşüb. 
Kürdəmirdə vaxtilə ənənəvi sahə hesab edilən, sonradan demək olar ki, unudulan baramaçılığın inkişafı üçün konkret tədbirlər görülür. Rayonda 2016-cı ildə 3578 kq barama istehsal olunub. 2017-ci ildə barama istehsalı ilə əlaqədar 160 kümçüyə 300 qutu barama qurdu verilmiş, 11,512 ton barama istehsal olunmuşdur ki, bu da ötən ildəkindən 3,2 dəfə (7934 kq) çoxdur. Ənənəvi sahələrdən olan baramaçılığı gələcəkdə daha da inkişaf etdirmək, onun yem bazasını möhkəmləndirmək məqsədi ilə rayonun ayrı-ayrı kəndlərində 2016-cı ilin payız mövsümündə 46 min ədəd tut  tingi, 2017-ci ildə isə 70 minə yaxın tut tingi əkilib. Hazırda yeni əkilən tut tinglərinə və mövcud tut bağlarına aqrotexniki qaydada qulluq göstərilir, suvarılır və mühafizəsi üçün qoruyucu zolaqlar çəkilir. Cari ildə barama istehsalının 20 tona çatdırılması nəzərdə tutulub.
Rayonda 2016-cı ildə 1911 hektar sahədə pambıq yetişdirən kürdəmirli fermerlər və torpaq mülkiyyətçiləri, 2017-ci ildə pambıq sahələrin 2,1 dəfə artıraraq 4027 hektara çatdırmışlar. Ötən ildə 5001 ton pambıq tədarük edilib ki, bu da 2016-cı ildə istehsal olunan ümumi məhsuldan 2,4 dəfə çoxdur. Artıq Kürdəmirdə bu ilin pambıq əkini üçün hazırlıq görülür. Bu məqsədlə 5 min hektar sahə seçilib və pambıq şumuna başlanılıb.İndiyədək 4 min hektaradək sahədə şum çıxarılıb. Artıq qış aratına başlanılıb.
2017-ci ildə qarğıdalı, kartof, bostan-tərəvəz, meyvə istehsalında da diqqətəlayiq nəticələr qazanılıb. Rayonda, habelə heyvandarlıq sahəsində də nəticələr uğurlu olub.

Keçidlər