Kürdəmirdə İslamda Vətən sevgisi və şəhidlik mövzusunda tədbir keçirilib
Yanvarın 18-də Kürdəmir rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhər “İmam Rza” məscidi dini icması tərəfindən “İslam həmrəylik və birliyə çağırış dinidir” layihəsi çərçivəsində İslamda Vətən sevgisi və şəhidlik mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri Fizuli Cəfərov, Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir Rayon şobəsinin əməkdaşı Seymur Müslümov, Rayon Polis şöbəsinin əməkdaşı Asif Əhmədov, Bilik Fondunun Kürdəmir rayon nümayəndəsi Vüqar Nəsirov, dini icma sədrləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirin açılışında çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov keçirilən bu tədbirlərin gənc nəslin nümayəndələrinə vətənə sevgi hisslərinin aşılanması, onlar arsında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması baxımından əhəmiyyətli rola malik olduğunu qeyd edib. O, 20 Yanvar faciəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan da danışaraq bu hadisənin Azərbaycan xalqının yaddaşında qanlı bir səhifə kimi qalmaqla bərabər, həm də qürur günü kimi daxil olduğunu qeyd edib.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev İslam dinində “vətən” və “şəhidlik” məfhumlarının əvəzolunmaz müqəddəslərdən sayıldığını vurğulayıb. Əzim Rəfiyev, İslam dininin vətəni, dövləti və ailəni qorumağı insanların başlıca vəzifəsi hesab etdiyini diqqətə çatdırıb.
Çıxış edən digər natiqlər də milli-mənəvi dəyərlər sistemində vətən sevgisinin başlıca dəyərlərdən biri olduğunu, bu dəyər olmadan hər hansı dövlətin çiçəklənməsinin, hətta ayaqda durmasının mümkün olmadığnı qeyd ediblər.
Tədbirin yekununda iştirakçılar 20 Yanvar hadisələrini əks etdirən sərgi ilə tanış olublar.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.