Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə tədbir keçirilib

09 yanvar 2018 | 16:00

Yanvarın 9-da Kürdəmir rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhər “İmam Rza” məscidi dini icması tərəfindən “İslam həmrəylik və birliyə çağırış dinidir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
S.Paşayev adına şəhər 6 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri Fizuli Cəfərov, Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir Rayon şobəsinin əməkdaşı Seymur Müslümov, Rayon Polis şöbəsinin əməkdaşı Asif Əhmədov, məktəbin direktoru Elmira Süleymanova,  müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən  Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, qədim tarixə malik olan Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsinin digər İslam ölkələri üçün bir örnək olduğunu söyləyib. İslam dəyərlərinin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu diqqətə çatdıran natiq Azərbaycan xalqının əsrlər boyu öz milli-mənəvi dəyərlərini yaşadaraq qoruduğunu vurğulayıb.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev diqqətə çatdırıb ki, tarix boyu Azərbaycan multikulturalizm, dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülündə, İslam mədəniyyətinin dünyada yayılmasında mühüm rol oynayıb. Ə. Rəfiyev qeyd edib ki, biz İslam mədəniyyətinin və əxlaqının gələcək nəsillərə daha da yaxşı aşılanması üçün əlimizdən gələni etməli və onları həmrəylik hissləri ilə böyütməliyik.
Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri Fizuli Cəfərov, Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir Rayon şobəsinin əməkdaşı Seymur Müslümov, Rayon Polis şöbəsinin əməkdaşı Asif Əhmədov və məktəbin direktoru Elmira Süleymanova da çıxış edərək vurğulayıblar ki, ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəmizi gücləndirən amillərdən biridir.
Mövzu ilə bağlı tədbirin yekununda diskussiya təşkil olunub və dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.

Keçidlər