Təsərrüfatbaşına uçot sənədləri elektronlaşdırılacaq və hər bir təsərrüfat üzrə məlumat bazası yaradılacaq
Dekabrın 26-da Kürdəmirdə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin aparılması ilə bağlı zona müşavirəsi keçirilib.
Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin təşkilatçılığı ilə rayon icra hakimiyyətinin akt zalında keçirilən zona müşavirəsində 16 rayonun icra hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbələrinin müdirləri, şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, yerli statistika idarələrinin rəhbərləri və uçot sənədlərinin aparılmasına məsul olan şəxslər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov müşavirədə çıxış edərək iqtisadiyyatın ayrı-ayrı sahələrində, o cümlədən aqrar sektorda qazanılan uğurlardan danışıb. İcra hakimiyyətinin başçısı təsərrüfatbaşına uçot sənədlərinin tərtibinin görülən işlərin düzgün və dəqiq uçotunun aparılmasında vacibliyini vurğulayıb.
Müşavirədə çıxış edən Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov Prezident İlham Əliyevin ölkə üzrə statistik uçotun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, komitə tərəfindən ardıcıl islahatların həyata keçirildiyini bildirib. Qeyd edib ki, şəhər, qəsəbə və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçot sənədlərinin işlənməsi müddəti başa çatdığı üçün Nazirlər Kabinetinin 2016-cı il 28 oktyabr tarixli qərarına əsasən yeni təsərrüfatbaşına uçot sənədləri hazırlanıb. Təkmilləşdirilən nümunələr Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alındıqdan sonra çap etdirilərək respublikanın şəhər və rayonlarının icra hakimiyyəti başçılarının şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə çatdırılıb. Gələn ilin yanvar ayından tətbiq ediləcək yeni təsərrüfatbaşına uçot sənədlərinin məlumatlarından əhalinin növbəti siyahıyaalınmasına hazırlıq üçün də istifadə olunacağını vurğulayan Y.Yusifov Dövlət Statistika Komitəsi tərəfindən növbəti mərhələdə təsərrüfatbaşına uçot sənədləri ilə bağlı bir sıra mühüm tədbirlərin həyata keçiriləcəyini bildirib. Vurğulanıb ki, bu tədbirlərə uçot sənədlərinin elektronlaşdırılması, hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının və avtomatik rejimdə regionlararası müqayisələrin aparılması daxildir.
Zona müşavirəsində çıxış edən Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov ölkəmizdə statistik uçotun təkmilləşdirilməsi istiqamətində aparılan ardıcıl tədbirlərdən danışıb, yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi ilə bağlı şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin qarşısında duran vəzifələri diqqətə çatdırıb.
Müşavirədə tədbir iştirakçılarına slaydlar vasitəsilə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tərtibi qaydaları təqdim edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.