Kürdəmirdə “İslam həmrəylik və birliyə çağırış dinidir” mövzusunda tədbir keçirilib
Dekabrın 20-də Kürdəmir rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhər “İmam Rza” məscidi dini icması tərəfindən “İslam həmrəylik və birliyə çağırış dinidir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
M.Əzimov adına Atakişili kənd tam orta məktəbin akt zalında keçirilən tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə, Komitənin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri Fizuli Cəfərov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi müsəlman dövlətlərinin birlik və həmrəyliyinin daha da möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Bildirib ki, hazırda Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Qərblə İslam dünyası arasında bir körpü olaraq, mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verməkdədir. Bu gün Azərbaycan qitələrarası dostluq, əməkdaşlıq, dialoq məkanına çevrilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə diqqətə çatdırıb ki, gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür. Müasir dünyamızı başına alan qanlı qarşıdurmaların daha çox müsəlman ölkələrini əhatə etdiyini vurğulayan Tərxan Paşazadə bunun əsas səbəblərindən birinin də İslam dininə sitayiş edənlər arasında sürətli parçalanmanın mövcud olmasını diqqətə çatdırıb.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri Fizuli Cəfərov, Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir Rayon şöbəsinin əməkdaşı Seymur Müslümov, Rayon Polis şöbəsinin əməkdaşı Asif Əhmədov və başqaları çıxışlarında dövlət-din münasibətlərindən, gənclərin dini maarifləndirilməsindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən bəhs ediblər.
Mövzu ilə bağlı tədbirin yekununda diskussiya təşkil olunub və dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.