Kürdəmirdə meyvə istehsalı ötən illə müqayisədə 1,5 dəfə artıb
Kürdəmirdə rayonunda meyvə yığımı başa çatıb və bağlardan 28 min tona yaxın məhsul tədarük olunub.
Son illərdə rayonda bu sahəyə maraq xeyli artıb. Yeni meyvə bağlarının salınması, kompleks aqrotexniki tədbirlərin vaxtında və düzgün tətbiq edilməsi nəticəsində daha yüksək məhsul götürmək mümkün olub. 2016-cı ildə 19 min ton meyvə istehsal edən Kürdəmirli kəndlilər 2017-ci ildə meyvə istehsalını 1,5 dəfə artırmağa nail ola biliblər ki, bu da ötənilki göstəricidən 8,5 min ton çoxdur. Hazırda meyvə istehsalını növbəti illərdə daha da artırmaq üçün köhnə bağlarda budama işləri görülür və yeni meyvə bağları salınır.
Qeyd edək ki, bağbanlar 2017-ci ili rayonda meyvəçilik üçün əlverişli il hesab edirlər. Rayonda yerli şərait üçün ənənəvi olan alça, gavalı, əncir, ərik, armud, nar, heyva, şaftalı, gilas, alma, xurma tədarük olunub. Bir sıra məhsullar, o cümlədən xurma yerli bazarlarla yanaşı, Rusiya bazarlarına da göndərilib.