Bu il Kürdəmirdə 80 hektar sahədə sarımsaq əkilib
Ölkəmizdə aqrar sahəyə göstərilən dövlət dəstəyi, edilən güzəştlər bütün regionlarda olduğu kimi, Kürdəmir rayonunda da ənənəvi əkin sahələrinin dirçəlməsi və inkişafı üçün geniş imkanlar yaradıb. Son illər rayonda kənd təsərrüfatının gəlirli sahələrindən olan sarımsaq əkininə maraq artıb. Kürdəmirli fermerlər və kəndlilər tərəfindən sentyabr ayında başlanılan sarımsaq əkini bu günlərdə başa çatıb.
Bu il rayonun 15 kəndində ümumilikdə, 80 hektar sahədə sarımsaq əkilib. Bu da əvvəlki ildəkindən 59 hektar (2016-cı ildə 21 ha) çoxdur. Sarımsaq əkini rayonun əsasən Garıs Əyribənd , Karrar, Sığırlı, Mehdili, Xırdapay, Qarasaqqal, Ərəbqubalı, Qarasu, Ərəbxana kəndlərində kütləvi şəkildə həyata keçirilib. Bu kəndlərdə demək olar ki, bütün təsərrüfat sahibləri öz həyətyanı ərazisində və pay torpağında sarımsaq əkini aparıblar. Şaxtaya davamlılığı ilə seçilən sarımsaq yüksək məhsuldarlığı ilə fərqlənir. Rayonda sarımsağın əsasən Şirvan sortu becərilir. Gəlirli sahə hesab edilən və bir çox xəstəliklərin dərmanı olan sarımsağın becərilməsi prosesi gələn ilin mayınadək davam edəcək.
Mütəxəssislərin sözlərinə görə sarımsağı yaxşı becərəndə və vaxtında suvaranda hər hektardan 15-20 ton məhsul götürmək mümkündür. Bir kiloqram sarımsaq müştərilərə 3-5 manata satılır. İş adamları kəndlilərdən aldıqları sarımsağı əsasən Rusiya bazarlarına aparırlar.
Dövlət qayğısından bəhrələnən kəndlilər ixracyönümlü məhsul olan sarımsağın əkin sahələrini ildən-ilə xeyli artırırlar. Sarımsaq əkini və yığımı əl əməyi ilə aparılır. Bitkiləri ziyanvericilərdən qorumaq üçün vaxtında dərmanlama işləri görülür.