Kürdəmirdə nar yığımı başa çatıb
Kürdəmirdə narçılığa maraq ildən-ilə artır. Bu il Kürdəmirdə fermerlər və fərdi təsərrüfat sahibləri barverən bağlardan 22 min 120 ton nar yığıblar. Bu, keçən il ilə müqayisədə 6 min 600 ton çoxdur.
Bağlara yüksək səviyyədə aqrotexniki qulluğun göstərilməsi məhsuldarlığın artmasına səbəb olub. Ən önəmlisi isə, qabaqlayıcı tədbirlər görüldüyü üçün bu il ağaclarda zədəli nar azlıq təşkil edib. Havanın yağmurlu və şaxtalı olmasını nəzərə alan kəndlilər nar yığımını qısa müddətdə başa çatdırıblar. Kəndlilər toplanan nar məhsulunu öz həyətlərində münasib qiymətə daxili bazarla yanaşı, Rusiya və digər MDB ölkələrinin bazarlarına, eləcə də Avropa ölkələrinə aparan iş adamlarına satıblar. Son illərdə Kürdəmirdə nar bağları xeyli genişləndiriib.
Kürdəmirdə narçılığa maraq ildən-ilə artır, yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması üçün tədbirlər görülür. Dekabrda rayonda yeni nar bağlarının salınması üçün sahələrdə hazırlıq işlərinə başlanılıb. Rayonun Sığırlı, Karrar, Mehdili, Ərəbqubalı, Axtaçı-Qarabucaq, Muğanlı və digər kəndlərində bu sahənin inkişafına xüsusi önəm verilir.