Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə əkin dövriyyəsi genişlənir

01 dekabr 2017 | 16:00

Rayonda yaradılan aqroparkların ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcəyinə böyük inam var

Qeyri-neft sektorunun inkişafına töhfə vermək üçün bütün bölgələrimiz bir-biri ilə sanki rəqabət aparır. Bu proses son illər geniş vüsət almaqdadır. Vacibi  isə atılan məqsədyönlü addımların hər yerdə əyani şəkildə hiss edilməsidir. Bu baxımdan Aran iqtisadi rayonunda yerləşən, ərazisinin geniş olması ilə seçilən Kürdəmirdə də aqrar sektora böyük ümid bəsləyirlər. Buradakı torpaqların xeyli hissəsinin şoranlaşması, az məhsuldar olması belə sakinlərin əlini işdən soyutmur.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov bununla bağlı dedi ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq aqrar sektorun inkişafını diqqət mərkəzində saxlayırıq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, kənd təsərrüfatının hər bir sahəsi bizim üçün cox vacibdir. Odur ki, biz çalışmalı, kənd təsərrüfatının bütün sahələrini maksimum dərəcədə inkişaf etdirməli, ixracyönümlü məhsulların istehsalına daha çox diqqət yetirməliyik. Cari ildə rayonumuzda taxıl istehsalının artırılması üçün müvafiq tədbirlər görülmüş, 39 min 396 hektar sahənin taxılı biçilmiş, 80 min 700 ton məhsul götürülmüşdür.Taxıl istehsalında əvvəlki ilə nisbətən azalmanın qarğıdalı dəni hesabına aradan qaldırılması üçün  1500 hektardan çox sahədə dənlik qarğıdalı əkilmiş, məhsulun yüksək texnologiya ilə becərilməsi təmin olunmuşdur. Taxılın toxumçuluğuna daha ciddi fikir verilmiş, toxum fonduna 5 min tondan çox dən ayrılmış, 4 min tonadək yüksək reproduksiyalı toxum əldə edilmişdir. Növbəti ilin məhsulu üçün bu il 45 min hektaradək taxıl əkilməsi nəzərdə tutulmuşdur.
Ölkə rəhbərinin qeyri-neft  sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq bu istiqamətdə də işlər uğurla icra edilir. Aparılan təhlillər göstərir ki, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, ixrac potensialının artırılmasında xüsusi əhəmiyyət kəsb edən aqroparkların yaradılması kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasında, yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq.
Bu məqsədlə Kürdəmirdə də  aqroparklar yaradılmaqdadır. Bu istiqamətdə ilk addımlarını atan müvafiq qurumlar  əsasən taxılçılıq və digər bitkiçilik məhsullarının istehsalı ilə məşğul olurlar. Belə aqroparklardan biri rayonun Pirili massivində yaradılıb. “QLOBAL-Aqro” MMC-yə məxsus olan və 2 min hektar sahədə yaradılan aqroparkda dənli bitkilərin saxlanılması üçün 27 min tonluq anbar, smart dəyirman, habelə yağ və yem emalı zavodlarının,  toxum emalı sexinin tikintisi nəzərdə tutulub.
Dənli bitkilərin saxlanılması üçün 9 min tonluq anbar artıq istifadəyə verilib. Ərazidə kommunikasiya və digər quraşdırma işləri davam etdirilir. İndiyədək aqroparkın texniki təchizatını təmin etmək üçün 26 yeni texnika alınıb,  28-i sifariş olunub.
Bu il aqroparkda ümumilikdə 650 hektar sahədə əkin aparılıb. 400 hektar sahədə qarğıdalı, 200 hektar sahədə soya, 50 hektar sahədə qarabaşaq əkilib. Aqrotexniki qulluq nəticəsində yüksək məhsuldarlıq əldə edilib və hazırda məhsul yığımı davam edir.
Aqroparkda yeri dəyişdirilə bilən suvarma sistemindən istifadə olunur. Su təminatını daha da yaxşılaşdırmaq üçün Muradxan kanalının suötürmə qabiliyyəti artırılır.
Hazırda aqroparkda 60 nəfər işləyir. Layihədə nəzərdə tutulan işlər başa çatdıqdan sonra burada 250 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
Rayonda daha 3 aqroparkın yaradılması istiqamətində işlər görülür. Şilyan massivində 6150 hektar sahədə “SM Aqro” MMC tərəfindən aqropark yaradılır. Aqroparkda bu ilin payızında 1500 hektarda buğda, 500 hektarda arpa səpini aparılıb. “Vüqar Fermer Təsərrüfatı” MMC tərəfindən isə Muradxan massivində 2500 hektar və “Azər Aqro” MMC Ərəbqubalı massivində 2800 hektar  sahədə aqroparklar yaradılır.
Hazırda həm yeni yaradılan aqroparkların, həm də əkinəyararlı digər iri münbit torpaq sahələrinin suvarma suyu ilə təmin olunması üçün tədbirlər görülür. Bu il 10 min 650 hektar əkinəyararlı  iri münbit torpaq sahələri təyinatları dəyişdirilərək əkin dövriyyəsinə qatılıb.
Şilyan massivində təyinatı dəyişdirilən 6150 hektar sahənin su təchizatının yaxşılaşdırılması üçün Ərəbxana-Şilyan kanalının sukeçirmə qabiliyyətinin artırılması ilə əlaqədar Kür çayı sahilində yeni nasos stansiyanın binası inşa edilib. Transformator yarımstansiyası üçün bina tikilib, 1600 kilovoltluq transformator quraşdırılıb. Nasos stansiyasında həmçinin gözətçi binası inşa edilib, dəmir-beton suötürücü qurğu tikilib, magistral borular quraşdırılıb. 12,6 kilometr məsafədə Şilyan kanalı lildən təmizlənilib, 12 suötürücü qurğu quraşdırılıb.
Muradxan-Pirili massivində təyinatı əkinçilik məqsədilə dəyişdirilən 4 min 500 hektar sahənin su təchizatının yaxşılaşdırılması üçün də tədbirlər görülür.  Muradxan beton kanalının 8 kilometr hissəsi genişləndirilib, davamı olaraq 4,3 kilometr məsafədə kanalın torpaq yatağı tikilib. Magistral kanalın 500 metr hissəsində beton kanal çəkilib.
Ərəbxana-Şilyan kanalında işlərin gələn ilin birinci rübündə, Muradxan-Pirili kanalında isə birinci yarısında başa çatdırılması nəzərdə tutulub.

Əli SƏLİMOV,
“Azərbaycan”

Keçidlər