Kürdəmirdə indiyədək ötən ilin ümumi göstəricisindən 2,1 dəfə çox pambıq istehsal olunub
Kürdəmir rayonunda təsərrüfatın ənənəvi sahəsi olan pambıqçılıq yeni inkişaf dövrünə qədəm qoyub. Cari mövsümdə 4027 hektar sahədə məhsul yetişdirən fermerlər və fiziki şəxslər hələlik tarlalardan 4407 ton “ağ qızıl” götürüblər ki, bu da 2016-cı ildə istehsal olunan ümumi məhsuldan 2,1 dəfə çoxdur.
Hazırda rayonda pambıq yığımı davam edir. Bütün qüvvələr məhsulun son qozasınadək itkisiz toplanmasına səfərbər edilib. Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, hər gün tarlalardan 25-30 ton “ağ qızıl” yığılır. Rayonun əksər ərazi vahidlərində, o cümlədən daha çox pambıq əkilən Muradxan, Qarasu, Carlı, Şilyan, Topalhəsənli, Böyük Kəngərli, Cəyli ərazi vahidlərində məhsul yığımı sürətlə aparılır.
Artıq Kürdəmirdə gələn ilin pambıq əkini üçün hazırlıq görülür. Bu məqsədlə 5 min hektar sahə seçilib və pambıq şumuna başlanılıb. Bol və kefiyyətli pambıq əldə olunması üçün indidən sahələrin şumlanması önəmlidir. Vaxtında qış aratının aparılması torpağın məhsuldarlığının artmasında və ziyanvericilərin məhv edilməsində vacib aqrotexniki tədbirdir.