Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir məktəblisi: Komandamızın intellektual oyunda birinci yeri tutması məni çox sevindirdi

14 noyabr 2017 | 16:00

Maarifləndirici tur-aksiya çox maraqlı keçdi. Ölkəmizin füsunkar təbiəti var. Qədim tarixi abidələri ziyarət etdik, Qəbələ, Şəki və Zaqatalanın görməli yerlərini gəzdik, istehsal müəssisələri və turizm obyektləri ilə tanış olduq. Xüsusən də qədim Qəbələ şəhərinin xarabalıqları, keçmişi və müasir dövrdə sürətli inkişafı məndə yüksək təəssürat yaratdı.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Kürdəmir şəhəri 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rəvan Əsədov deyib.

“Ölkəmizi tanıyaq” tur-aksiyasının əhəmiyyətindən danışan Rəvan Əsədov qeyd edib ki, Qəbələyə səfər zamanı onların istirahətinin mənalı təşkili, əylənməsi və maariflənməsi üçün lazımi şərait yaradılıb: “Bizə əvvəlcədən məlumat verilmişdi ki, tur-aksiya çərçivəsində Qəbələdə 440 məktəblinin iştirakı ilə “Nə? Harada? Nə zaman?” adlı intellektual oyun təşkil olunacaq. Mən rayonumuzu təmsil edən şagirdlərlə birgə bu yarışa ciddi hazırlaşmışdım. Biz yarışda suallara düzgün cavab verərək kuboka sahib olduq. Komandamızın yarışda birinci yeri tutması məni çox sevindirdi”.

O, məktəbli dostları ilə birgə Qəbələ, Şəki və Zaqatalaya səfər təəssüratlarının zəngin olduğunu qeyd edib, tur-aksiyanın təşkilatçılarına minnətdarlığını bildirib.

Keçidlər