Kürdəmirdə “Ölkəmizi tanıyaq” tur-aksiyası iştirakçıları yola salınmışlar
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə reallaşdırılan maarifləndirici tur-aksiyasının 8-ci mərhələsinə start verilib. Noyabrın 11-də səhər saatlarında Kürdəmir rayonundan 40 nəfərlik məktəbli qrup Qəbələ - Şəki - Zaqatala marşrutu üzrə yola salınıb.
Kürdəmir Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsi işçilərinin və valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında yolasalma mərasimi keçirilib.
Əvvəlcə mərasim iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra onlar Heydər Əliyev Mərkəzində olmaqla dahi rəhbərə həsr olunan guşələrə, foto-stendlərə maraqla tamaşa ediblər.
Yolasalma mərasimində çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik sahəsində tərbiyəsində, onların Vətənimizin tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Tədbir iştirakçıları çıxışlarında şagirdlərin dünya görüşünün yüksəlməsində, onların azərbaycançılıq ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edən tur-aksiyaların təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Tədbirdə çıxış edən məktəblilər göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Mərasimin sonunda şagirdlər onlar üçün ayrılan xüsusi avtobusla Qəbələyə yola düşüblər.