Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə əkinə yararlı iri münbit torpaq sahələrinin suvarma suyu ilə təminatı ilə bağlı tədbirlər görülür

03 noyabr 2017 | 16:00

Bu il Kürdəmir rayonunda 10 min 650 hektar əkinə yararlı  iri münbit torpaq sahələrinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə qatılıb. Bu sahələri suvarma suyu ilə təmin etmək üçün Kür çayı sahilində iki yeni nasos stansiya tikilir, ərazini su ilə təmin edən Muradxan-Pirili və Ərəbxana-Şilyan kanallarının suötürmə qabiliyyətinin  artırılması  istiqamətində  işlər  görülür.
Kürdəmir rayonunun  Şilyan massivində 6150 hektar, Muradxan-Pirili massivində 4500 hektar münbit torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib.
Şilyan massivində təyinatı dəyişdirilən 6150 hektar sahənin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Ərəbxana-Şilyan kanalının su keçirmə qabiliyyətinin artırılması ilə əlaqədar Kür çayı sahilində yeni nasos stansiyanın binası inşa edilib, transformator yarımstansiyasının binası tikilərək 1600 kv-luq transformator quraşdırılıb. Nasos stansiyasında gözətçi binası inşa edilib, dəmir-beton suötürücü qurğu tikilib, 972 p/m diametri 1200 mm olan magistral basqı boruları quraşdırılıb, 12,6 km məsafədə Şilyan kanalı lildən təmizlənilib, bermalarına 56000 m3 torpaq qatı verilərək kipləşdirilmişdir. Kanal üzərində 12 ədəd su ötürücü qurğu (şlüzlər) quraşdırılmışdır. Kanalın yenidən qurulmasının başa çatdırılması üçün son tamamlama işləri görülür.
Rayonun Muradxan-Pirili massivində təyinatı əkinçilik məqsədi ilə dəyişdirilən 4500 hektar sahənin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Muradxan kanalının su keçirmə qabiliyyətinin artırılması tədbirləri ilə əlaqədar Kür çayı sahilində nasos stansiyanın binasının döşəmə və yan divarları dəmir-betondan inşa edilib, üzəri izolyasiya olunmuşdur. Mövcud Muradxan beton kanalının 8 km məsafədə sağ və sol bermaları əlavə torpaq qatı verilməklə 0,9 metr qaldırılmış və kipləşdirilmişdir. Beton kanalın davamı olaraq 4,3 km məsafədə kanalın torpaq yatağı tikilmiş, qazılaraq beton örtüyünün verilməsinə başlanmışdır. Mağistral kanalın 500 metr hissəsində beton-kanal çəkilmişdir. Tikinti işləri layihədə nəzərdə tutulmuş qaydada və müddətdə aparılır.
Ərəbxana-Şilyan kanalında işlərin gələn ilin birinci rübündə, Muradxan-Pirili kanalında isə gələn ilin birinci yarım illiyində başa çatdırılması nəzərdə tutulub.

Keçidlər