Kürdəmirdə məhsul yığımı və payızlıq bitkilərin əkini davam edir
Kürdəmir rayonunun təsərrüfatlarında payızlıq bitkilərin əkininə başlanılıb. Fermerlər artıq 15 min hektardan çox sahəyə arpa və buğda, 340 hektar sahəyə yonca, 110 hektar sahəyə kartof, 287 hektar sahəyə tərəvəz, 7 hektar sahəyə kələm, 8 hektar sahəyə baş soğan əkiblər.
Hazırda təsərrüfatlarda qarğıdalı yığımı davam edir. Rayonda taxıl istehsalında əvvəlki ilə nisbətən azalmanın qarğıdalı dəni hesabına aradan qaldırılması üçün tədbirlər görülmüş, 1947 hektar sahədə qarğıdalı əkilmiş, (ötən ildəkindən 1773 hektar çox) yüksək texnologiya ilə becərilməsi təmin olunmuşdur. İndiyədək 1000 hektaradək sahə yığılmış, 11 min tondan çox qarğıdalı dəni götürülmüşdür. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 min ton çoxdur (ötən il 174 hektar sahədən 524 ton). Eyni zamanda, bu günədək rayonda 860 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb. Payızlıq qarğıdalının əkini əsasən rayonun Topalhəsənli, Yenikənd, Atakişili, Qocalı kəndlərindədir. Kürdəmirli fermerlər cari mövsümdə 20 min tondan çox dən qarğıdalı istehsal etməyi qarşılarına məqsəd qoyublar.