Kürdəmirdə Müstəqillik Günü qeyd edilib
Oktyabrın 18-də Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının inzibati binasında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə “Müstəqilliyimiz əbədidir, dönməzdir ” mövzusunda konfrans keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Yeni Azərbaycan Partiyasının Kürdəmir rayon təşkilatının foyesindəki büstü önünə gül dəstələri düzüblər.
Konfransda “Müstəqillik dövründə Azərbaycan respublikasının hərbi quruculuq fəaliyyəti” mövzusunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi, polkovnik Həbib Əliyev, ”18 Oktyabr Dövlət Müstəqilliyi günüdür” mövzüsunda şəhər 1 saylı tam orta məktəbin müəllimi Gülbəniz İbrahimova, “Heydər Əliyev ideyaları Milli Müstəqilliyimizin mənəvi güc mənbəyidir” mövzusunda rayon incəsənət məktəbinin drektoru Qəndaf Zülfüqarova, “Azərbaycan təhsili Müstəqilik illərində” mövzusunda şəhər 3 saylı tam orta məktəbin müəllimi Günəş Xudiyeva, “Heydər Əliyev və Müstəqil Azərbaycan gəncliyi” mövzusunda şəhər 2 saylı tam orta məktəbin müəllimi Günay Əsgərova məruzələrlə çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətimiz və dövlətçiliyimiz, həmçinin xalqımız üçün qurub yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından danışmışlar.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, xoş arzularını çatdırdı. O , öz çıxışında bildirib ki, Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik mədəniyyətinə malik olan xalqlarındandır. Ölkəmizin ərazisində həm eradan əvvəl, həm də sonra qüdrətli dövlət qurumları mövcud olmuş, bu dövlətlər xalqımızın siyasi, sosial, mədəni və iqtisadi tarixində mühüm rol oynamışlar. XIX yüzilliyin əvvəlində Rusiya və İran imperiyaları Azərbaycanı öz aralarında bölüşdürdükdən və müstəqil dövlət-çiliyimizə son qoyduqdan sonra xalqımız dəfələrlə öz dövlətçiliyini bərpa etmək üçün ayağa qalxmış, nəhayət XX əsrin əvvəllərində respublika tipli yeni dövlətlərini–Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) müasir dövlətçilik tarixində rolu çox böyük olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xalqımız həmişə müstəqilliyini bərpa etmək arzusu ilə yaşamış, 1991-ci ilin yayında Sovet İmperiyasının dağılması, ittifaqı bərpa etmək üçün Moskvada dövlət çevrilişinin baş tutmaması ilə Azərbaycan xalqının tarixi ənənələrinə əsaslanan müstəqillik ümüdləri geniş vüsət aldı. Bu proses o dövrdə bütün dünyada baş verən ictimai – siyasi hadisələri sürətləndirərək yeni məcraya yönəltdi. Azərbaycan xalqı ictimai-siyasi həyatda baş verən qanunauyğun hadisələrdən məharətlə istifadə etdi. 1991-ci il avqust ayının 30-da xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul etdi. Bu Bəyannaməyə müvafiq olaraq Azərbaycan SSR Ali Soveti 1991-ci il oktyabr ayının 18-i Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı”nı qəbul etdi. Azərbaycanın o dövrdəki rəhbərliyi hakimiyyətdə qalmaq ümidi ilə dövlət müstəqilliyini bütün vasitələrlə pozmağa çalışır, SSRİ-nin tərkibində qalmaq üçün dəridən-qabığdan çıxırdılar. Lakin xalq öz sözünü demişdir. 1991-ci ilin dekabrın 8-də SSRİ tamamilə süquta uğrayandan sonra, dekabrın 29-da müstəqillik haqqında Konstitusiya aktına münasibəti öyrənmək məqsədi ilə Azərbaycanda ümumxalq referendumu keçirildi. Əhalinin 95%-i referendumda iştirak edərək müstəqillik, suverenlik yolundan dönməyəcəyini bildirdi “ və Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı” qüvvəyə mindi. Azərbaycan müstəqilliyinə nail olunduqdan sonra siyasi mübarizənin yeni dövrünə, Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək uğrunda mübarizə dövrünə qədəm qoydu.Yeni Azərbaycanın quruculuğuna başlandı. Təəssüf ki, suverenliyin siyasi-iqtisadi, hərbi-hüquqi, ictimai-siyasi təməli qoyulan ilk illərdə Azərbaycanda hakimiyyət naşı əllərə düşdü, çox böyük imkanlardan istifadə edilmədi.Azərbaycana rəhbərlik edən şəxslər dünyanın sürətlə dəyişən siyasi mənzərəsini nəzərə almağa qadir deyildir. Ulu Öndərimiz Heydər Əliyevin sonralar qeyd etdiyi kimi, mövcud qeosiyasi vəziyyət yeni strateqiyanın formalaşmasını tələb edirdi. Yeni düşüncənin, yeni təfəkkürün formalaşmasına böyük ehtiyac olduğu bir dövrdə bu məsələlərə mane olan amillər də az deyildir. Bir tərəfdən Azərbaycanın siyasi rəhbərliyində mövqe tutmuş adamlar vəziyyəti daha da mürəkkəbləşdirir, milli birliyə mane olur, milli düşüncənin formalaşmasını əngəlləyirdilər. Bir tərəfdən də Moskva ciddi cəhdlə Azərbaycanda hadisələrin mürəkkəbləşməsində öz maraqlı mövqeyini gizli və açıq şəkildə həyata keçirməyə çalışırdı. Müharibə şəraiti isə əhalini sıxır, ona gözünü açmağa imkan vermir, vətəndaşların fikir və əqidə birliyinə mane olurdu. Daxili ziddiyyətlərin gərginləşməsi, düşmən mövqelərin Azərbaycanda möhkəmlənməsinə şərait yaradır. Yeni tarixi mərhələdə birləşdirici mexanizmləri işləməyə qoymur, xalqı birləşdirən çağırışlara mənfi təsir göstərirdi. 1992-ci ilin ortalarında qanunsuz yolla hakimiyyətə gələn AXC-Müsavat iqtidarı özündən əvvəlki hakimiyyətdən miras qalan böhranları daha da dərinləşdirərək, respublikanı daha acınacaqlı vəziyyətə saldı. Başları paytaxtda vəzifə davalarına, rüşvətə, separat danışıqlara, ambisiyalarının təmin olunmasına qarışan AXC-Müsavat “Bəy”lərinin cəmi bir illik hakimiyyətləri ərzində ölkədə siyasi vakuum yarandı, özbaşınalıqlar, vətəndaş qarşıdurması, milli ədavət baş qaldırdı. Ölkə iqtisadiyyat, sosial, elm, təhsil və mədəniyyət sahələrində idarəsizliyə, tənəzzülə doğru sürükləndi. Bir tərəfdən Respublikanın ağır və fəlakətli iqtisadi, sosial, mənəvi-psixoloji durumu, bir tərəfdən baş alıb gedən qanunsuzluq, o biri tərəfdən hər bir partiyanın, təşkilatın öz hərbi silahlı dəstəsini yaratması, digər tərəfdən isə, xarici məkirli qüvvələrin Azərbaycana əl uzadaraq ölkəni parçalamağa cəhd etmələri, antiazərbaycançı qüvvələrin fəallaşması və “Talış-Muğan” Respublikası, “Gəncə” hadisələri kimi separatçı maraqlara xidmət edən qanunsuz əməllərin baş verməsi Azərbaycanı milli müstəqilliyin məhv olması təhlükəsilə üzbəüz qoymuşdur.Vətənin belə bir vəziyyətində bütün xalq millətin taleyini, sabahını, düşünən bütün vətənpərvər ziyalılar yalnız və yalnız yeganə böyük siyasətçiyə, böyük dövlət xadiminə, Azərbaycana həmişə başucalığı, firəvanlıq, inkişaf bəxş etmiş dahi şəxsiyyətə, ürəyi və qəlbi həmişə Azərbaycana böyük məhəbbətlə döyünən Ümummilli Liderə-Heydər Əliyevə üz tutdu. Ümummilli Lider Heydər Əliyev xalqın israrlı təklif və təkidlərinə, milyonların ona tikilmiş ümüdlərinə biganə qalmadı və Azərbaycanın düçar olduğu böhran və tənəzzüldən Dövlət Müstəqilliyinin məhvolma təhlükəsindən xilas etmək naminə 1993-cü il iyun ayının 15-də yenidən siyasi hakimiyyətə qayıtdı. Həmin tarixdən etibarən Heydər Əliyev bir milli lider kimi və tarixin XX əsrdə Azərbaycan milləti üçün yetişdirdiyi dahi şəxsiyyət kimi həm XİLASKARLIQ missiyasını, həm QURUCULUQ, TƏRƏQQİ missiyasını şərəflə yerinə yetirməyə başladı. Bu missiyalar, əslində, Heydər Əliyevin 1969-cu ildən başladığı xilaskarlıq və quruculuq missiyasının davamı idi, lakin yeni tarixi dövrün, yeni tarixi şəraitin – müstəqil dövlətçiliyin, yeni milli mənafelərin tələblərinə uyğun olan və bu tələblərə cavab verən davamı idi.1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ilk növbədə xalqın mənəvi gücünü səfərbərliyə aldı, onun özünə inamını özünə qaytardı, ağır vəziyyətdə olan Respublikanın qarşısında duran problemləri həll etməyə başladı. Gəncədəki hadisələr dinc yolla nizamlanma axarına düşdü. Qondarma “Talış-Muğan Respublikası” Heydər Əliyevin xalqa müraciəti və bölgə zəhmətkeşlərinin təzyiqi ilə ləğv olundu, separatçı hərəkətlərin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr tərkisilah edilməyə başlandı . Cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Ölkədə əmin-amanlıq, siyasi sabitlik yarandı.1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində ölkəmiz üçün həyatı əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. İnflyasiya dayandırıldı, aqrar sahədə islahatlar başlandı. Azad bazar iqtisadiyyatına keçidlə əlaqədar özəlləşdirməyə geniş meydan verildi. Xarici siyasətdə mühüm nailiyyətlər əldə edildi. Beynəlxalq maliyyə mərkəzləri, dünyanın iri şirkətləri Azərbaycana böyük maraqla kredit verməyə, investisiya qoymağa başladı. Azərbaycanda hakimiyyətə gəlmək üçün silahlı dəstələrdən, qeyri-qanuni yollardan zorakılığdan istifadə etmək ənənəsinə son qoyuldu. Respublikamız dinc və sabitlik şəraitində öz müstəqil dövlətini qurmaq və inkişaf etdirmək imkanı qazandı. Ölkədə sabitlik yaratmaqla zəmanəmizin qüdrətli siyasətçisi Heydər Əliyev vaxtilə söylədiyi məşhur kəlamına sadiq qaldığını bir daha sübut etdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır”. Beləliklə Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqını, müqəddəs yurdumuzu milli-mənəvi parçalanmadan, vətəndaş müharibəsindən, iflasa uğramağdan, məhv olmaqdan xilas etdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası tərəfindən hazırlanmış konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olundu. Müstəqil dövlətimizin Heydər Əliyev Konstitusiyası ölkəmizə bütün dünyada demokratik dövlət nüfuzu qazandırdı. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın milli mənafelərini, onun ərazisini qorumağa tam qadir olan qüdrətli bir ordu formalaşdı.Ölkə daxilində möhkəm və dönməz sabitliyin yaranması və yeni neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, əbədiliyə və dönməzliyə çevrilməsinə şərait yaratdı. Ümummilli Lider Heydər Əliyev yeni neft strategiyasını belə qiymətləndirirdi: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının ruifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”. “Əsrin müqaviləsi” adını almış neft müqaviləsi 20 sentyabr 1994-cü ildə imzalanması ilə yeni neft strategiyası başladı ki, bu gün həmin müqavilənin nailiyyətlərindən səmərəli istifadə etməklə həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunmuşdur. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan xalqını bu günü və gələcəyi üçün əmanət qoyduğu ideyalar xalqımızın milli mənlik şuru və milli sərvətidir. Bu ideyaların daşıyıcısı Ümummilli Liderimizin siyasi kursunun davamçısı Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevdir. Cənab Prezidentimiz İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə xalq və dövlətin vəhdəti yaranmış, iqtidarla xalq arasında möhkəm birlik formalaşmışdır. Həyata keçirilən dövlət proqramları xalqımızın şüurunda, mədəniyyətində, həyat tərzində böyük inqilabı çevriliş yaratmışdır ki, xalq öz rəhbərini ürəkdən sevərək onun siyasətini dəstəkləyir. Artıq ölkəmizin çox uğurlu gələcəyi heç kimdə şübhə yaratmır. Xalqımız görür və dərk edir ki, müstəqil ölkə kimi Azərbaycanın mövqeləri möhkəmlənir, iqtisadi potensialı daha da güclənir.