Kürdəmirdə ilk dəfə soya əkilib
Kürdəmirdə heyvandarlığın inkişafı və mal-qaranın keyfiyyətli yem ilə təminatının yaxşılaşdırılması üçün ilk dəfə olaraq rayonun Karrar və Pirili kəndlərində 200 hektar sahəyə soya toxumu səpilib və fermerlər bol məhsul yetişdirməyə nail olublar. Yaxın günlərdə rayonda soya məhsulunun toplanılmasına başlanılacaq. Bitkilərə vaxtında aqrotexniki qaydada qulluq edildiyindən sahələrdə bol məhsul yetişib. Əslində, fermerlər rayonda ilk dəfə soya bitkisi əkilərkən məhsuldarlığın belə olacağını gözləmirdilər.
Bu bitki digərləri ilə müqayisədə xeyli gəlirlidir. Bu il soya sahələrinin hər hektarından 20-25 sentner məhsul gözlənilir. Məhsulun satışında fermerlər üçün heç bir problem olmayacaq. Satış zamanı 1 ton soya məhsuluna 1000 manatdan bir qədər artıq pul ödəniləcək ki, bu da fermerlər üçün olduqca sərfəlidir. Necə deyərlər, fermerlər digər məhsullarla müqayisədə soya bitkisindən ikiqat gəlir əldə edə biləcəklər. Odur ki, rayonda gələn il 400 hektar sahədə soya bitkisinin əkilməsi gözlənilir.
Qeyd edək ki, dövlət tərəfindən alınan subsidiyalar hesabına kənd təsərrüfatı məhsullarının əkini sahəsini ildən-ilə genişləndirən kürdəmirli fermerlər 2018-ci ildə soya istehsalını iki dəfə artırmağı qarşıya məqsəd qoyublar.