Kürdəmir rayonunun pambıq tarlalarında bol məhsul yetişdirilib
Kürdəmir rayonunda kütləvi pambıq yığımına başlanılıb və qısa vaxtda 600 tona yaxın pambıq yığılıb, 400 tondan çox məhsul pambıq qəbulu məntəqələrinə təhvil verilib.
Tədarük edilən xam pambıq bu mövsümdən başqa rayonlara deyil, Sor-Sor kəndi ərazisində “MKT-İK” MMC tərəfindən və Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Qarabucaq qəsəbəsi ərazisində tikilən 2 qəbul məntəqəsinə təhvil verilir.
Rayonda məhsul yığımına 2000 nəfərədək sakin cəlb olunub. Hazırda yığım kampaniyası sürətlə davam edir. Yenikənd, Böyük Kəngərli, Qocalı, Pirili, Köhünlü, Şilyan, Qarasu və bir sıra digər ərazi vahidlərində bol məhsul yetişdirilib.
Rayonun Qarasu kənd sakini, pambıq istehsalçısı Əlyusif Teyyubov bu il 32 hektar sahədə pambıq əkib. Bol məhsul yetişdirdiyini bildirən pambıq istehsalçısı artıq bir neçə gündür ki, yığıma başladığını və pambıq sahəsindən 25 sentnerdən çox məhsul yığacağını söyləyib. Əlyusif Teyyubov yaradılan şəraitə, dəstəyə görə ölkə başçısına minnətdarlığını bildirib.