Kürdəmirdə pambıq yüklənən lafet karvanı yeni inşa olunan məntəqələrə yola salındı
Kürdəmir rayonunda bir neçə gündür ki, kütləvi pambıq yığımına başlanılıb və indiyədək 200 tondan çox pambıq yığılıb.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinin, pambıq istehsalçılarının, fermerlərin, torpaq mülkiyyətçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə 30 ədəd pambıq dolu lafet qəbul məntəqələrinə göndərildi.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək bölgələrdən ənənəvi sahələrinin, o cümlədən strateji məhsul olan pambıqçılığın inkişafı ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrlə bağlı qarşıda duran vəzifələrdən, bu sahəyə göstərilən dövlət dəstəyindən ətraflı danışdı. İcra başçısı cari ildə rayonda 4027 hektarda pambıq yetişdirildiyini, bununla bağlı müvafiq olaraq, ümumilikdə 200 nəfər pambıq istehsalçısı ilə müqavilə bağlanıldığını bildirdi. Rayonda pambığın becərilməsində suvarma, gübrələmə, kultivasiya, zərərverici və xəstəliklərə qarşı mübarizə, ucvurma və sair kimi aqrotexniki tədbirlər vaxtında həyata keçirildiyini söylədi. Ceyhun Cəfərov vurğuladı ki, artıq rayon ərazisində tədarük edilən xam pambıq başqa rayonlara deyil, Sor-Sor kəndi ərazisində “MKT-İK” MMC tərəfindən tikilən məntəqəyə və Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Qarabucaq qəsəbəsi ərazisində tikilən qəbul məntəqəsinə təhvil veriləcək.
Tədbirdə çıxış edən pambıq istehsalçısı Şakir Teyyubov ötən il 20 hektar sahədə pambıq əkdiyini və 25,5 sentener məhsul istehsal etdiyini, bu il isə pambıq sahəsini artıraraq 40 hektara çatdırdığını bildirdi. Pambıq istehsalçıları onlara yaradılan şəraitə, dəstəyə görə ölkə rəhbəri möhtərəm prezidentimizə öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, məhsul yığımına hələlik 1500 nəfərədək rayon sakini cəlb olunub. Məhsul yığımı kampaniyası sürətlə davam edir. Rayonun Carlı, Sığırlı, Qocalı, Köhünlü, Şilyan, Qarasu və bir sıra digər ərazi vahidlərində bol məhsul yetişdirilib.
Şəhərin Bakı prospektindən yola salınan lafet karvanı rayon musiqiçilərinin ifasında şən mahnı sədaları ilə müşayiət olunub.