Kürdəmirdə dənlik qarğıdalı yığımına başlanılıb
Kürdəmir rayonunda cari mövsümdə 2000 hektaradək sahədə dənlik qarğıdalı yetişdirilib və ciddi hazırlıqdan sonra məhsul yığımına başlanılıb.Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, son vaxtlar fermerlər heyvandarlıqda möhkəm yem bazası üçün xüsusi önəm daşıyan dənlik qarğıdalıya böyük maraq göstərirlər. Təsadüfi deyil ki, bu il əkin sahələri ötən ildəkindən 11 dəfə çox olub. Belə ki, keçən il 147 hektarda, bu il isə 1947 hektarda əkin aparılıb. Təkcə rayonun Mürtülü və Təklə kəndlərində 637 hektar sahədə dənlik qarğıdalı əkilib. Karrar, Yenikənd, Qarasaqqal, Topalhəsənli və bir sıra digər kəndlərdə də bol dənlik qarğıdalı yetişdirilib. İlk günlərdə əkin sahələrindən orta hesabla 100 sentnerdən çox qarğıdalı dəni götürülür. Mütəxəssislər bu il rayonda 20 min tondan çox məhsul istehsal ediləcəyini proqnozlaşdırırlar.