Kürdəmirdə iki yeni pambıq qəbulu məntəqəsi tikilir
18 avqust 2017 | 16:00
Respublikamızın iri pambıqçılıq rayonlarından olan Kürdəmirin Sor-Sor kəndinin və Qarabucaq qəsəbəsinin ərazisində ümumi gücü 9 min ton olan iki qəbul məntəqəsi tikilir. Hər iki məntəqə sentyabrın əvvəllərində məhsul qəbul edəcək.
Rayon icra hakimiyyətindən bununla əlaqədar AZƏRTAC-a bildirilib ki, Sor-Sor kəndi ərazisində “MKT-İK” MMC tərəfindən tikilən, qəbul gücü 6 min ton olan məntəqə 10 hektar sahəni əhatə edir. Artıq məntəqənin ətrafına hasar çəkilib, 18 taya yerinin, inzibati və laboratoriya binalarının hörgüsü başa çatdırılıb.
Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Qarabucaq kəndi ərazisində tikilən və qəbul gücü 3 min ton olan məntəqədə də işlər sürətlə davam etdirilir.