Kürdəmirdə ümumrayon müşavirəsi keçirildi
Avqustun 9-da rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sədrliyi ilə 2017-ci il 04 avqust tarixdə Qax rayonunda keçirilmiş barama, tütün və fındıq istehsalının inkişafına dair respublika müşavirəsində dövlətimizin başçısının çıxışından irəli gələn vəzifələrlə əlaqədar geniş yığıncaq keçirilib.
Yığıncaqda Kürdəmur Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, RİH Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və baramaçılıq fəaliyyətilə məşğul olan təsərrüfat rəhbərləri və rayonumuzun kümçüləri iştirak ediblər.
Müşavirədə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək bildirib ki, 2017-ci il 04 avqust tarixdə Qax rayonunda Cənab İlham Əliyevin Sədrliyi ilə barama, tütün və fındıq istehsalının inkişafına dair respublika müşavirəsi keçirildi. Müşavirədə Ölkə Prezidenti Respublikamızda barama, tütün və fındıq istehsalının inkişafı ilə əlaqədar bütün adiyyatı təşkilatlar qarşısında ciddi vəzifələr qoyaraq öz tövsiyyə və tapşırıqlarını verdi. Bizim rayonumuz üçün xarakterik sahələrdən biri olan baramaçılığın insanların sosial həyatında nə qədər böyük rol oynadığını dönə-dönə bildirən Cənab Prezident baramaçılıq sahəsində Sovet hakimiyyəti illərində və eyni zamanda bir neçə il ərzində bu sahədə əldə olunmuş nailiyyətlərdən və qarşıda duran məsələlərdən geniş danışaraq bizim qarşımıza çox ciddi vəzifələr qoydu. 1969–cu ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanın bütün rayonları kimi Kürdəmirin də sosial–iqtisadi problemlərinin həllində, kənd təsərrüfatının dirçəldilməsində dönüş nöqtəsi olmuşdur. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi sovet dönəmində Kürdəmir geridə qalmış kənd təsərrüfatı rayonundan inkişaf etmiş aqrar regiona çevrilmişdir. Həmin illərdə rayonda heyvandarlıq, pambıqçılıq, üzümçülük sahələri ilə yanaşı baramaçılıq da ən önəmli sahələrdən birinə çevrilmişdir.Kürdəmir rayonu sovet dönəmində barama istehsalı sahəsində uğurlu göstəriciləri ilə fərqlənmiş, belə ki, 1980 – ci illərdə rayonda 200 tondan çox yüksək keyfiyyətli barama istiehsal edilərək dövlətə təhvil verilmişdir. Həmin dövrdə rayonda baramaçılığın mövcud yem bazası möhkəmlənmiş, yeni tut bağları salınmış, ipəkqurdu bəslənməsi üçün ictimai tikililər və fərdi kümxanalar tikilib istifadəyə verilmişdi. Müşavirədə Cənab Prezident Ulu Öndər Heydər Əliyevin Hakimiyyəti illərində barama istehsalının 5 min tona çatdırıldığını və bu sahənin genişləndirilməsi istiqamətində çox ciddi addımlar atıldığını qeyd etdi.Lakin 1991-ci ildən sonra Respublikamızda barama istehsalının kəskin şəkildə aşağı düşdüyünü və 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edildiyini bildirdi və dövlətin dəstəyi sayəsində bu sahəyə diqqətindən sonra barama istehsalının 2 il ərzində 244 tona çatdığını qeyd etdi. Cənab Prezidentimiz barama istehsalının 30 rayonda aparıldığını, qeyd edərək Kürdəmir rayonunun da 10 ən yaxşı barama istehsal edən rayonlar arasında olduğunu bildirərək rayonumuzda 11 ton 500 kq barama istehsal edildiyini qeyd etdi. Sözsüz ki, bu bizim qarşımızda qoyulan vəzifələrin daha yüksək səviyyədə həyata keçirilməsinə nail olmaqda bir stimul olacaq, rayonumuzda barama istehsalı ilə məşğul olan kümçülərin daha yüksək hədəflərə nail olunmasına gətirib çıxaracaqdır.Cənab Prezidentimiz tərəfindən baramaçılığın inkişafına dair verdiyi tapşırıqlar, qəbul olunmuş qərarlar Kürdəmir rayonunda da baramaçılığın dirçəlməsinə böyük təkan vermişdir. Uzun fasilədən sonra 2016–cı ildə rayonumuzun kümçüləri 80 qutu -1520 qram ipəkqurdu toxumu bəsləmiş və 46 ailənin üzvləri 3577,5 kq barama istehsal edərək təhvil vermiş, bu sahədən 28616 manat gəlir əldə etmişlər. Bu işə 46 ailədən 230 nəfər cəlb edilmişdir.Cənab Prezidentimizin verdiyi tapşırıqdan ruhlanan Kürdəmir zəhmətkeşləri barama istehsalı ilə əlaqədar bu il daha yaxşı nəticə əldə etmişlər. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə kümçülərə 159 ailəyə - 300 qutu-5 kq 700 qram ipəkqurdu toxumu paylanmış, nəticədə Şəki İpək Açıq Səhmdar Cəmiyyətinə 11512 kq barama satılmışdır ki, bu da ötənilki göstəricidən 7964 kq, yəni 3 dəfədən çoxdur.Onu da qeyd edim ki, rayumuzun 17 ərazi nümayəndəliyi üzrə 32 kənddə barama istehsalı ilə əhalimiz məşğul olmuşlar. Barama istehsalı ilə əsasən ən yüksək nəticə Köhünlü 4400 kq, Carlı 1820 kq, Mollakənd 830 kq, Qocalı 780 kq, Qarasaqqal 750 kq ərazi icra nümayəndəliklərində əldə olunmuşdur. Kümçülərimizdən Vəlixanov İnqilab Mayılxan oğlu - Carlı kəndi 260 kq, Əzizov Miri Mirmövsüm oğlu - Ərəbxana kəndi 217 kq, Azayev Əlisa Soltan oğlu - Qaramahmudlu kəndi 215 kq, Babayev Cavad Elmdar oğlu – Türkədi kəndi 179 kq, Süleymanov Fariz - Topalhəsənli kəndi 172 kq barama istehsalında ən yüksək nəticə göstərmişlər. Gələn il Cənab Prezidentimizin bizin qarşımızda qoyduğu hədəfə çatmaq üçün 20 tondan çox barama istehsal etməliyik. Odur ki, kümçülərimiz barama istehsalının artırılması məqsədi ilə yem bazasının möhkəmləndirilməsini diqqət mərkəzində saxlamalı, mövcud tut bağlarının becərilməsini, qorunub saxlanılması məsələlərini ön plana çəkməlidirlər. Bildiyiniz kimi rayonumuzda 2016-cı ilin payızında tut bağlarının məhsuldarlığının artırılması məqsədi ilə 46 min ədəd yeni tut tingi əkilmiş, hazırda tinglərə qulluq işləri davam etdirilir.Odur ki, rayon Kənd Təsərrüfatı idarəsi və icra nümayəndələri, bələdiyyələr bu sahəni diqqət mərkəzində saxlamalı, ağacların vaxtlı-vaxtında becərilməsini təmin etməlidirlər. Rayonumuzda baramaçılığı kənd təsərrüfatının ən gəlirli sahəsi kimi inkişaf etdirmək məqsədi ilə davamlı tədbirlər həyata keçirilməli, tut tingi istehsal edən kiçik təsərrüfatların yaradılması, mövcud tut bağlarının becərilməsi, yeni tut tinglərinin əkilməsi hesabına yem bazasının möhkəmləndirilməsi, fərdi kümxanaların tikintisinə dəstək verməklə sahəyə marağın artırılması qarşımızda duran prioritet vəzifələrdəndir.Hesab edirəm ki, barama istehsalı rayonumuzda yüksək səviyyədə təşkil olunacaq, yüksək nəticə əldə olunacaqdır.Çıxışının sonunda rayon rəhbəri vurğulayıb ki, Kürdəmir rayon kümçüləri Möhtərəm Cənab Prezidentimiz tərəfindən baramaçılığın inkişafı ilə əlaqədar qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq, bütün qüvvəmizi səfərbər edərək barama istehsalında yüksək məhsuldarlıq əldə edərək Respublikada ön sıralarda getməyə nail olacaqdır.
Yığıncaqda Rayon Kənd Təsərrüfatı idarəsinin aqronomu Arif Mahmudov, Kümçülər İnqilab Vəlixanov, Əlisa Azayev , Köhünlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Zeynalov, Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elmdar Kərimov, Mollakənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Soltan Abbasov çıxış edərək görülən işlərdən danışdılar, becərmə zamanı yaranan bəzi çətinliklərin həlli yollarını müzakirə etdilər.
Yığıncaqda qarşıda duran konkret və təxirəsalınmaz vəzifələr müəyyənləşdirilib.
Tədbirin sonunda barama istehsalında ən yüksək nəticə əldə edən bir qrup kümçüyə Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən fəxri fərmanlar təqdim edilib.