Kürdəmirdə “Regionlarda məişət zorakılığı və erkən nikah hallarının qarşısının alınması sahəsində maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihə çərçivəsində tədbir keçirilib
İyunun 21-də rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və “Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Regionlarda məişət zorakılığı və erkən nikah hallarının qarşısının alınması sahəsində maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli bildirdi ki, qadın hüquqlarının müdafiə edilərək qorunması, onların idarəetməyə cəlb olunması Ümummilli Lider Heydər Əliyevin hər iki hakimiyyəti dövründə ən yüksək səviyyədə diqqətdə olmuşdur. Milli Məclis tərəfindən 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 2011-ci ilin noyabr ayında Milli Məclis Ailə Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edərək qadınlar üçün nikah yaşını 18 yaş müəyyən edən və qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan müvafiq normalar qəbul etdi. Dövlət başçısının 24 noyabr 2011-ci il tarixli Fərmanına əsasən "Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun icraçını təmin edən qurumların səlahiyyətləri müəyyən olundu və yeni normativ sənədlər qəbul edildi.
Tədbirdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək bildirdi ki, Azərbaycanda son illər "İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram” təsdiq edilmiş, həmin proqramda qadın alverinə səbəb olan erkən nikahlar, məişət zorakılığı, işsizlik və s. kimi sosial problemlərin həlli istiqamətində konkret tədbirlər həyata keçirilmişdir. Bundan əlavə Nazirlər Kabinetinin 19 dekabr 2011-ci il tarixli, 207 saylı qərarı ilə "Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması Qaydaları” təsdiq edilmişdir. Məişət zorakılığı ilə bağlı məlumat bankında məlumatların toplanması və konfidensiallığı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təmin edilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.