Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Həmrəylik və İnsan hüquqları” mövzusunda tədbir keçirilib

23 may 2017 | 16:00

Mayın 23-də Kürdəmir rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Həmrəylik və İnsan hüquqları” mövzusunda tədbir keçirilib.
Kürdəmir şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşov, rayon Polis idarəsinin əməkdaşı Asif Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov, dini icma sədrləri, din xadimləri, rayonun təhsil, mədəniyyət və səhiyyə işçiləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açıq elan edən Kürdəmir RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edildiyini və hər il 18 iyun tarixinin Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.
DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev mövzu ilə bağlı çıxışında İslam dininin bəşəriyyətə saysız-hesabsız mənəvi nemətlər verdiyini, insan haqlarına verdiyi dəyəri daha yaxşı bilmək üçün islamdan əvvəlki dövr ilə islamdan sonrakı dövrlərin müqayisəli təhlilini aparmağın vacibliyini qeyd edib. O, eyni zamanda ölkəmizin müstəqillik əldə etdikdən sonra qoşulduğu 250-dən çox beynəlxalq müqavilənin yarısından çoxu birbaşa və ya dolayısı ilə insan hüquqları ilə bağlı olmasını vurğulayıb.
DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşov, rayon Polis idarəsinin əməkdaşı Asif Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov və şəhər (1) məscidi dini icmasının sədri Aqil Əliyev də çıxışlarında respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri kimi insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradıldığını, bu təsisatın yaradılmasının hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı olduğunu diqqətə çatdırıblar.

Keçidlər