Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Bəşəriyyətin təhdidlərdən çıxış yolu – Həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib

15 may 2017 | 16:00

Mayın 15-də Kürdəmir rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Bəşəriyyətin təhdidlərdən çıxış yolu – Həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Şəhid Tofiq İsmayılov adına Kürdəmir şəhər 1 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşov, şəhər (1) məscidi dini icmasının sədri Aqil Əliyev, tam orta məktəbin direktoru və Bilik Fondunun Kürdəmir rayonu üzrə nümayəndəsi Vüqar Nəsirov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açıq elan edən Kürdəmir RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi deyil. Bu, əslində Azərbaycandan İslam dünyasına verilən önəmli mesajdır. Bu günlərdə Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilir. Bu ərəfədə Azərbaycanın bütün dünyaya verdiyi İslam həmrəyliyi mesajının hansı məqsədləri ehtiva etdiyini gənclərlə müzakirə etmək təqdirəlayiqdir.
DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev mövzu ilə bağlı çıxışında vurğulayıb ki, İslam dini həmişə sülh, tolerantlıq, humanizm, həmrəylik ideyalarını təlqin etmiş və dünya sivilizasiyasına önəmli töhfələr verib. Ə. Rəfiyev, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə ölkəmizin İslam dünyasında mövcud münaqişələrin həllinə öz töhfəsini əsirgəmədiyini diqqətə çatdırıb.
Daha sonra Kürdəmir şəhər (1) məscidi dini icmasının sədri Aqil Əliyevin, DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşovun  və Kürdəmir şəhər 1 saylı tam orta məktəbin direktoru və Bilik Fondunun Kürdəmir rayonu üzrə nümayəndəsi Vüqar Nəsirovun çıxışları dinlənilib. Çıxış edən natiqlər bəşəriyyətin təhdidlərdən çıxış yolu istiqamətində İslam Həmrəyliyi təşəbbüsünün önəmli rol oynayacağına əminliklərini qeyd ediblər.
Kürdəmir şəhər 1 saylı tam orta məktəbin şagirdləri adından mövzu ilə bağlı çıxış edən 10-cu sinif şagirdi Cavid Salmanov qeyd edib ki, “multikulturalizm” ili kimi “İslam Həmrəyliyi İli” də gənclərin həmrəyliyi ilə birlikdə möhtəşəm anlar ilə tarixə yazılacaqdır.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanıb.

Keçidlər