Kürdəmir rayonunun “Şahinlər” komandası respublika ikincisi olub
Mayın 10-da Bakı şəhərində keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan “Şahin” hərbi-idman oyununun respublika final yarışında 2-ci yerə rayonumuzun Çöhranlı kənd tam orta məktəbinin komandasının üzvləri layiq görülüblər.
"Şahin" hərbi-idman oyunları Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət və Turizm Nazirliklərinin, eləcə də Respublika Veteranlar Şurasının birgə qərarı ilə 1996-cı ildən başlayaraq orta məktəblərin VII-XI sinif şagirdləri arasında təşkil edilərək keçirilir.
İlk öncə Qəbələ rayonunda keçirilən zona yarışinda komandamiz yüksək nəticələr əldə edərək Respublika finalına vəsiqəni təmin ediblər. Qələbə uğrunda hər biri 10 oğlan və 4 qızdan ibarət 19 komanda mübarizə aparıb. Finalda 8 marhələdən ibarət olan yarışın yekun nəticələrinə görə I yeri Bakının Nizami rayonunun komandası, II yeri Kürdəmir rayonunun komandası, III yeri Zərdab rayonunun komandası qazanıblar. Komandamız ilk dəfədir ki , belə yüksək nəticə əldə edir.