Kürdəmirdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə “İslam təfriqə və xürafata yox deyir” mövzusunda maarifləndirici tədbir keçirilib
Mayın 10-da Kürdəmir rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhər Gənclər Evində “İslam təfriqə və xürafata yox deyir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Təhlil və Proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov və Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Rayon Polis şöbəsinin əməkdaşı Asif Əhmədov, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşov, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, dini icmanın sədri Aqil Əliyev, məktəb müəllimləri, aktiv fəaliyyəti ilə seçilən gənclər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açıq elan edən Kürdəmir RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, əslində, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin İslam Həmrəyliyi İli elan edilməsi mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, həm də dünyəvi dəyərlərə tapınan, tolerant bir müsəlman ölkəsinin beynəlxalq siyasətdə tanınan liderlərdən biri olan Azərbaycan Prezidentinin İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn son dərəcə müdrik və səmimi təşəbbüsdür.
DQİDK-nin Təhlil və Proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov mövzu ilə bağlı çıxışında vurğulayıb ki, maarifçilik mövhumat və cəhalət dərdinin ən böyük dərmanıdır. Məhz dərin elmi dərketmə, əsl maarifçilik gerçək İslam dəyərləri ilə fanatizm və mövhumatı əsaslı şəkildə fərqləndirməyin mahiyyətini ortaya qoyub dini baxışlar haqqında obyektiv qənaətləri cəmiyyətə çatdıra bilər.
Daha sonra DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir şəhər (1) məscidi dini icmasının sədri Aqil Əliyev, rayon Polis İdarəsinin əməkdaşı Asif Əhmədov, DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşov və QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərovun çıxışları dinlənilib. Çıxış edən natiqlər təfriqə və xürafatın aradan qaldırılması istiqamətində də İslam Həmrəyliyi təşəbbüsünün önəmli rol oynayacağına əminliklərini qeyd ediblər.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanıb.