Kürdəmirdə 9 May - Qələbə Günü münasibətilə tədbir keçirilib
Mayın 9-da rayonun Qələbə parkında İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə tədbir keçirilib.
Mərasimdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, Böyük Vətən müharibəsi veteranları, hüquq-mühafizə orqanlarının, idarə , müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar və ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə İkinci Dünya müharibəsində həlak olmuş kürdəmirlilərin xatirə abidəsi kompleksi və həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin büstü önünə tər çiçəklər düzdülər.
Tədbir Kürdəmir Rayon Tarix Diyarşünaslıq Muzeyində bayram süfrəsində davam etdirildi. Mərasimdə Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Böyük Vətən Müharibəsi veteranları ilə və Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin ailə üzvləri səmimi görüşərək onları Qələbə bayramı münasibətilə təbrik etdi, hər birinə uzun ömür , can sağlığı arzuladı. Rayon rəhbəri veteranların istək və problemləri ilə maraqlandı, onların arzu istəkləri yerindəcə həll olundu. Ceyhun Cəfərov Azərbaycan xalqının müharibə illərində göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlarından geniş söz açaraq Ulu Öndər Heydər Əliyevin veteranların sosial qayğılarını daim diqqət mərkəzində saxladığını, möhtərəm prezidentimiz cənab İlham Əliyevin bu yolu davam etdirərək Böyük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğını xüsusi qeyd etdi.
Tədbirdə Böyük Vətən Müharibəsi veteranlarına Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı tərəfindən maddi yardımlar göstərildi.