Kürdəmir rayonunun Sığırlı kəndində "Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə" mövzusunda tədbir keçirilib
Martın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Sığırlı kənd tam orta məktəbində "Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nin Dini Qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov və Komitənin əməkdaşları Vüqar Hümmətov, Vüqar İmamquliyev, Əzim Rəfiyev, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, rayon Polis İdarəsinin əməkdaşı Nizami Abbasov, dini icma sədrləri, din xadimləri, müəllimlər və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov dövlətimizin dinə, dindarlarımıza olan qayğısından bəhs edib. Natiq qeyd edib ki, Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi haqqında sərəncamı mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, zamanın böyük probleminə çevrilmiş İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn səmimi təşəbbüsdür.
Tədbirdə geniş məruzə ilə çıxış edən DQİDK-nin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikalizm, ekstremizm və onun fəsadlarından, radikalizmə qarşı mübarizədə maarifləndirici, profilaktik tədbirlərin görülməsinin vacibliyindən, ölkəmizdə mövcud qeyri-ənənəvi dini cərəyanların fəaliyyətindən, onlara qarşı mübarizənin başlıca üsullarından danışıb. Prezident İlham Əliyevin liderliyində Azərbaycanın İslam həmrəyliyinə nail olmaq kimi artıq yeni təşəbbüslə çıxış etdiyini vurğulayan Ə. Zülfüqarov, bunu həyata keçirməklə həm daxili qovğalara son qoymaq, həm də islamın əsl mahiyyətini özünə qaytarmaq, onu sülh və sabitlik ideyalarının tərənnümçüsünə çevirməyin mümkün olduğunu qeyd edib.
DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev dövlətimizin dinə dəstəyini xüsusi vurğulayaraq gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ilə bağlı keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb.
Sonra çıxış edən DQİDK-nin Dini qurumlarla iş üzrə şöbəsinin baş məsləhətçisi Vüqar Hümmətov tolerant və multikultural dəyərlərdən, xalqımızın bu milli-mənəvi dəyərlərə sahib çıxmasından, DQİDK-nin əməkdaşı Vüqar İmamquliyev isə radikal dini cərəyanlarla mübarizədə media və internet resurslarından səmərəli istifadənin rolundan danışıblar.
Sonda tədbir iştirakçılarının təklif və tövsiyələri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. İştirakçılara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr olunan dini ədəbiyyatlar paylanıb.