Kürdəmir rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib
Martın 16-da rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə "Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və xidmətin Kürdəmir rayon şöbəsinin şəxsi heyəti, şəhid ailələri, Qarabağ Müharibəsi veteranları və hərbi xidmətə çağırış yaşlı gənclər, hərbiçilər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Ceyhun Cəfərov tədbirin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyətini qeyd edərək, ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun regionda və beynəlxalq arenada layiqli yer tutmasına təkan verən ordu quruculuğu və gənclər siyasətinin banisinin xalqımızın Ümummilli Lideri Heydər Əliyev olduğunu vurğulayıb. Gənclərin dövlətimizin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsi, həmçinin əzəli torpaqları erməni qəsbkarları tərəfindən işğal edilmiş Vətənimizin cəsur keşikçiləri, düşmən sipəri olduğunu bildirərək Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, Ümummilli Liderimizin siyasi kursunun ən layiqli davamçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən həm ordu quruculuğu, həm də gənclər siyasətinin mühüm rolu olduğunu, eyni zamanda dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində yeni mərhələdə daha da inkşaf etdiyini bildirib. Natiq, Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirib.
Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, həmçinin Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayaraq, düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığına, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əmin olduğunu bildirdi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov tədbirin hazırlanmasında əməyi keçən, yüksək təşkilatçılıq və dəstək göstərdiyinə görə təşəkkür plaketini Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərova təqdim etdi.
Sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov rayonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində səmərəli fəaliyyətinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi Həbib Əliyevə Fəxri Fərman təqdim etdi.
Dövlət Xidməti tərəfindən həmçinin şəhid ailəsinin üzvlərinə, müharibə veteranına və hərbi hazırlıq fənnində yüksək nailiyyət qazanmış müəllim və şagirdə, eləcə də xidmətdə fərqlənən əsgərə fəxri fərman və mükafatlar təqdim edildi.
Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda yazılmış mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış edib.