Kürdəmirdə Xocalı faciəsinin qurbanları yad edilib
Fevralın 25-də rayonun Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin iyirmi beşinci ildönümünə həsr olunan ümumrayon tədbiri keçirilib.
Tədbirdən əvvəl Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov rayonda müvəqqəti məskunlaşan Xocalı sakinləri ilə görüşdü, onların qayğı və problemləri ilə maraqlandı. İcra Başçısı xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırımına məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 25 il əvvəl Xocalıda üzləşdiyini bildirdi. Ceyhun Cəfərov vurğuladı ki, yalnız Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə tarixi qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşmış,soydaşlarımıza qarşı qəddarcasına törədilən dəhşətli qətliama məhz Ümummilli Liderimizin qətiyyəti sayəsində obyektiv hüquqi-siyasi qiymət verilmişdir. Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, 1994-cü ilin fevralında Milli Məclis bu faciəyə hüquqi qiymət vermişdir. Hazırda dünyanın hər yerində Xocalı faciəsinin tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan Respubikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmiş və Xocalı faciəsini tanımışlar.Dünyada Xocalı faciəsi Pakistan, Sudan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Hersoqovina, Peru, Honduras, İordaniya və s. kimi dövlətlər və ABŞ-ın 21 ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınmışdır. Dünyanın hər yerində Xocalı faciəsinin tanınması ilə əlaqədar işlər davam edir. Bunlardan“Xocalıya ədalət!” kampaniyasını xüsusilə qeyd etmək lazımdır. “Xocalıya ədalət!” kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət!” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin Sərgi salonunda təşkil edilən “ Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsmlərə, əl işlərinə və kitablardan ibarət sərgiylə tanış oldular.
Tədbirin açlışında vətənimizin müdafiəsi uğrunda şəhid olanların və Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi və faciə haqqında məktəblilərin ifasında “Xocalı səsləyir bizi” mövzusunda ədəbi-bədii kompozisiya dinlənildi. Sonra Milli Qəhrəman Əlif Hacıyevə həsr olunan “Azərbaycanlı olmaq böyük şərəfdir” adlı sənədli filmi nümayiş olundu.
Mərasimin sonunda Xocalı sakini Elmar Şahverənov çıxış edərək tədbirin hazırlanmasında əməyi keçən hər bir şəxsə, məktəblilərə və onlara hər zaman qayğı ilə yanaşan kürdəmirlilərə öz minnətdarlıqlarını bildirdi.