Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Xocalı soyqırımı – sülh və bəşəriyyət əleyhinə cinayət kimi” mövzusuna həsr olunmuş anım tədbiri keçirilib

23 fevral 2017 | 16:00

Fevralın 23- də Kürdəmir rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin  birgə təşkilatçılığı ilə rayon Təhsil şöbəsinin akt zalında  rayonun təhsil işçilərinin  iştirakı ilə  Xocalı soyqırımının 25 - ci ildönümü ilə əlaqədar “Xocalı soyqırımı – sülh və bəşəriyyət əleyhinə cinayət kimi” mövzusuna həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir   iştirakçıları   əvvəlcə    Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz   xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyy’ti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, xalqımızın qan yaddaşı olan Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Elxan Qafarov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ölkəyə qayıdışı və onun dünya miqyaslı nüfuzu Xocalı faciəsinin də dünya müstəvisində öz qiymətini almasına səbəb oldu. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasət, o cümlədən Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunması yolunda atdığı addımlar təqdirə layiqdir.
Daha sonra çıxış edən DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev İslam dinində “vətən” və “şəhidlik” məfhumlarının əvəzolunmaz müqəddəslərdən sayıldıqlarını vurğulayaraq Xocalı faciəsinin mahiyyəti etibarilə Holokost, Hernika və Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eyni olduğunu bildirib.
Rayon Polis İdarəsinin əməkdaşı Asif Əhmədov, DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov və Kürdəmir şəhər 1 saylı orta məktəbin müəllimi Məhəmmədəli Rəsulov da öz çıxışlarında Azərbaycan dövlətinin qüdrətli və nizami ordusunun olduğunu xüsusi vurğulayaraq 2016-cı ilin aprel döyüşlərini diqqətə çatdırıblar. Natiqlər qeyd edib ki, Xocalı faciəsi baş verən dövrdə nizami ordunun və vahid komandanlığın olmaması itkilərin sayının daha çox olmasına səbəb olub.

Keçidlər