Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib

22 fevral 2017 | 16:00

Fevralın 22-də Kürdəmir rayon Mərkəzi Kitabxanasında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan “Xocalını unutmadıq, unutdurmarıq” adlı anım tədbiri keçirilib.
Tədbiri Kürdəmir MKS – in direktor müavini İradə Mahmudova açaraq  bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

Sonra ilk  olaraq söz Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısının müavini  Vəsilə xanım Əsgərliyə verildi. O,  Xocalı faciəsi barədə ətraflı məlumat verərək Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin amansız qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını qeyd etdi. O, çıxışında Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımlar atdığını qeyd edərək, bu sahədə məqsədyönlü fəaliyyətin xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını, onun təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini  tədbir iştirakçılarının nəzərinə çatdırdı.Həmçinin o qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımlar bəhrəsini verməkdədir. “Xocalıya ədalət” kompaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.

Daha sonra Mərkəzi kitabxananın baş kitabxanaçısı Xalidə Məmmədova,  şöbə müdiri Növrəstə Qəhrəmanova, baş kitabxanaçı Məryam Əliyeva, informasiya texnologiyaları üzrə mütəxəssis Gülşən Məmmədova  çıxış edərək Xocalıda erməni vandallarının törətdiyi qətliamı tarixdə ən dəhşətli faciə kimi qiymətləndirərək, cinayətkarların gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklərini qeyd etdilər. O, eyni zamanda, bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, o cümlədən də Xocalı sakinlərinin ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını, onların bu və ya digər problemlərinin həlli istiqamətində böyük işlərin görüldüyünü vurğuladılar.

Sonda Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vaqif Alıyev   çıxış edərək  Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əmin olduğunu qeyd etdi. O, Azərbaycan ordusunun inkişafından,  2016 – cı ilin aprel döyüşləri  zamanı əldə etdikləri qələbədən və Mərcanlıya “Böyük qayıdış” dan söhbət açdı.

Tədbirdə iştirakçılarına  “Xocalını unutmadıq” adlı ədəbi kompozisiya, “Xocalı soyqırımı – bəşəriyyətə qarşı yönəldilmiş cinayət ” adlı video material , “Xocalı soyqrımı - 25” adlı kitab sərgisi təqdim edildi.

Keçidlər