Kürdəmir rayonunda əhalinin tibbi müayinəsinə başlanılıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, fevralın 15-dən etibarən respublikanın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da əhalinin tibbi müayinəsinə başlanılıb. Bununla əlaqədar Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmış və bu işlər davam etdirilir. Dispanserizasiyaya Mərkəzi Rayon Xəstəxanasının və poliklinika şöbəsinin həkim briqadaları cəlb edilib.
MRX, MRX Poliklinika şöbəsi, Karrar və Mollakənd həkim məntəqəsində, Qarasaqqal, Topalhəsənli, Yenikənd, Xəlsə, Sığırlı, Şilyan tibb məntəqələrində idarə, müəssisə və təşkilatların bütün əməkdaşları, o cümlədən rayonun qəsəbə və kəndlərinin sakinləri yerlərdəki tibb məntəqələrində həkim briqadaları tərəfindən tibbi müayinədən keçiriləcəklər. Tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrində müayinəsi məqsədi ilə səyyar həkim briqadalarının da təşkil olunub.
May ayının 1-dək davam edəcək müayinələrdə rayonun bütün sakinləri tibbi müayinədən keçiriləcəklər. Xəstəlik aşkar edilən vətəndaşlar rayon xəstəxanasında müalicə ediləcəklər. Müalicəsi rayonda mümkün olmayan xəstələr isə Bakıya göndəriləcəklər.