Kürdəmirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü qeyd edilib
Fevralın 13-də rayonun Heydər Əliyev Mərkəzində rayon rəhbərliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin əməkdaşlarının, müharibə veteranlarının və gənclərin iştirakı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə münasibətilə tədbir keçirilib.
Tədbirdən əvvəl mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə təzə-tər gül dəstələri düzüblər.
Mərasim iştirakçıları Respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş vətəndaşlarımızın xatirəsini bir dəqiqələk sükutla yad ediblər. Sonra Ulu Öndərin və cənab Prezident İlham Əliyevin ordu quruculuğundakı fəaliyyətini özündə əks etdirən video-çarxa baxıblar.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin əməkdaşlarını təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi Həbib Əliyev Vətənə xidmət etməkdən qürur hissi duyduqlarını bildirərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə özünün və şəxsi heyətin adından dərin təşəkkürünü ifadə etdi.
Həbib Əliyev xidmətin rayonda gənclərin həqiqi hərbi xidmətə hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verərək, Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də xüsusi rolu olduğunu vurğuladı, eyni zamanda qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəklərini bildirdi.
Daha sonra çıxış edənlər ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışdılar, həmçinin Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayaraq, düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığını, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərini, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qoruduğunu və tezliklə işğal altında olan ərazilərimizin düşməndən azad edəcəklərini əminliklə ifadə etdilər.
Sonda xidmətdə fərqlənən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin əməkdaşlarına fəxri fərman və hədiyyələr təqdim edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 illiyinə həsr olunmuş kitab Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərova təqdim edilib.