Kürdəmirlilər şəhidlərin əziz xatirəsini yad etdilər
Bu gün Kürdəmir rayonunda “20 Yanvar”- faciəsi qurbanlarının iyirimi yeddinci ildönümü – Ümumxalq Hüzn Günü böyük ehtiramla yad edilib.
İlk öncə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri ötən ilin aprel ayının 2-də gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbçimiz baş leytenant, şəhid Əbu Bəkr İsmayılovun yaşadığı evin qarşısındakı barolyefin önünə gül dəstəsi qoydular. Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bildirib ki, Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayıb və qalmayacaqdır. Möhtərəm Prezidentimiz Ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında üç rəngli bayrağımız Şuşada, Laçında, Xankəndində, eləcə də Dağlıq Qarabağın hər bir güşəsində dalğalanacaqdır.Daha sonra tədbir iştirakçıları rayonun 20 Yanvar parkına gələrək “Ana harayı” abidəsinin önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad etdilər. Mərasimdə məktəblilərin ifasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş kompazisiya dinlənildi, şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi və 20 Yanvar faciəsini özündə əks etdirən kitablarla tanış oldular.
Sonra rayon rəhbərliyi və tədbir iştirakçıları şəhidlər xiyabanında ucaldılmış “Şəhidlər” abidəsinin önünə gül dəstələri düzdülər. Rayon şəhidlərinin məzarlarını ziyarət edərək onların məzarlarının üzərinə tər-çiçəklər qoydular.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov şəhid ailələrinə baş sağlığı verərək, şəhidlərimizin vətən, xalq qarşısında əvəzsiz xidmətlərini qeyd etdi. Tezliklə ölkə rəhbəri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan doğma ata-baba yurdlarımızın azad eiləcəyini bildirdi.
Tədbir iştirakçıları eyni zamanda Sığırlı kəndində aprelin 1-dən 2-sinə keçən gecə cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan Ordusunun Giziri Tural Qurbanovun məzarını və rayon ərazisində olan digər şəhidlərin məzarını ziyarət etdilər.
Həmin gün rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirildi, Bakı vaxtı ilə saat 12-00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrində səs siqnalları verildi.