Kürdəmirdə “Gənclər dini radikalizmə və ekstremizmə yox deyir” mövzusunda seminar-müşavirə keçirilib
Dekabrın 20 – də Kürdəmir rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Kürdəmir rayon Polis İdarəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin Kürdəmir rayon İdarəsinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhər Gənclər Evində “Gənclər dini radikalizmə və ekstremizmə yox deyir” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon Polis İdarəsinin əməkdaşı Asif Əhmədov, DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov, təhsil işçiləri, yuxarı sinif şagirdləri və aktiv fəaliyyəti ilə seçilən gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğunu bildirən Elxan Qafarov bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü qeyd edib.
Tədbirdə “Gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinin əhəmiyyəti” haqqında çıxış edən DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, milli-mənəvi və əxlaqi dəyərlərdən uzaq, sistemləşdirilmiş ideoloji dünyagörüşünə malik olmayan gənclərin sabah nə dövlət, nə cəmiyyət, nə də özləri üçün heç bir fayda gətirə bilməyəcəklərini, qeyri-ənənəvi dini təriqətlərin yayılması cəhdlərinin qarşısının alınmasının gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin düzgün aparılmasından asılı olduğunu vurğulayıb.
Daha sonra çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin Kürdəmir rayon şöbəsinin əməkdaşı Seymur Müslümov və rayon Polis İdarəsinin əməkdaşı Asif Əhmədov da müasir gəncliyimizin milli mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyindən bəhs edərək radikalizmlə mübarizə tədbirləri çərçivəsində dini maarifləndirmənin xüsusən gənclər arasında aparılmasının tərəfdarı olduqlarını vurğulayıblar.
Mövzu ilə bağlı gənclərin aktiv diskussiyası və iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə tədbir öz işini yekunlaşdırıb.