Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirildi
Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə dekabrın 8-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının Qadınlar Şurasının tədbiri keçirilib.
YAP rayon təşkilatının qərargahında keçirilən tədbirdə YAP rayon təşkilatının sədri Ağali Kərimli, YAP rayon təşkilatının Qadınlar Şurasının üzvləri, fəal qadınlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Sonra dəyirmi masa YAP rayon təşkilatının akt zalında öz işinə başladı. Tədbir iştirakçıları əvvəlcə dahi şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyevin nurlu və əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Hacıyeva açıb. O, bildirib ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 13 il ötür.Tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə ərmağan etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır.
Sevda Hacıyeva qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan qadınlarının həyatında inqilabi bir dövr idi. 1969-cu ildən sonra Azərbaycan qadınları yeni bir tarixi dövrə qədəm qoydular. İctimai həyatın bütün sahələrində Ulu Öndərin göstərişi ilə qadınların savadlanması, icimai həyatda fəallığı, xüsusilə işləyən qadınların iş şəraitinin yaxşılaşdırılması, onların əməyinə yüksək qiymət verilməsi, qızların oğlanlarla bərabər təhsil alması Azərbaycan qadınının bugünkü inkişafının təməlini qoydu.
Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi və tarixi zərurətdən doğan qayıdışı ilə yenə də Azərbaycan qadınlarını müharibənin törətdiyi dəhşətlərdən, aclıq və səfalətdən xilas etdi.Ulu Öndər xilaskar missiyası ilə Azərbaycan qadınlarının milli-mənəvi və əxlaqi dəyərlərini, analıq şərəfini özünə qaytardı və Azərbaycan qadınına bu qloballaşan dünyamızda özünü təsdiq etmək və imkanlarını inkişaf etdirmək reallığı verdi.
Tədbirdə rayon YAP rayon təşkilatının idarə heyəti üzvü, şəhər 6 saylı tam orta məktəbin direktoru Elmira Şıxəliyeva, Heydər Əliyev Mərkəzinin direktoru, rayon təşkilatının idarə heyəti üzvü Dürriyə Seyidova , rayon təşkilatının Qadınlar Şurasının idarə heyəti üzvü, Lenin Ordenli, Tərəqqi medallı Sevil Osmanova, rayon təşkilatının Qadınlar Şurasının idarə heyəti üzvü, Mərkəzi Kitabxanalar Sisteminin direktor müavini İradə Mahmudova çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müstəqil Azərbaycan quruculuğu yolundakı şərəfli mübarizəsi, bütün dünya tərəfindən qəbul edilən böyük siyasətçi və liderlik titulları barədə geniş fikirlər söyləyiblər. Natiqlər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycan qadınlarının ictimai fəallığının artdığını, elmdə, təhsildə, səhiyyədə, mədəniyyətdə , iqtisadiyyatda, kənd təsərrüfatında qadınların böyük uğurlara imza atdıqlarını qeyd etdilər. Onu da qeyd etdilər ki, bütün bu uğurların, icimai fəallığın arxasında Heydər Əliyev qayğısı, Azərbaycan dövlətinə məhəbbət və Azərbaycan qadınına hörmət və qayğıkeşlik dayanırdı.
Sonda YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli çıxış edərək bildirir ki, bütün varlığı ilə Azərbaycana və azərbaycançılığa xidmət edən dahi rəhbərimiz əbədiyyətə qovuşmağı ilə də xalqımızı birləşdirdi. Öz ideyaları ətrafında xalqımızı birləşdirən Heydər Əliyevin müqəddəs ruhu bu gün bizi bütövləşdirir və mətinləşdirir. Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edərək yeni-yeni uğurlara imza atır.