Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə gənclərlə görüş keçirilib

23 noyabr 2016 | 16:00

Noyabrın 23-də Gənclər evində “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda təşkil edilmiş regional konfrans çərçivəsində rayon gənclərinin iştirakı ilə tədbir keçirilib.
Rayon ictimaiyyətinin nümayəndələrinin və ziyalıların da iştirak etdiyi tədbirdə tolerant və multikultural dəyərlərimizin gənclər arasında təbliği və dini radikalizmlə mübarizə mövzusunda müzakirələr aparılıb.
Giriş sözü ilə çıxış edən Kürdəmir rayon Gənclər və İdman İdarəsinin rəis müavini Qalib Baxşıyev görüşün əhəmiyyətindən danışaraq bildirib ki, milli-mənəvi dəyərlərin təbliğ edilməsi, eyni zamanda dini maarifçilik işinin aparılması məqsədilə bu cür tədbirlərin keçirilməsi vacibdir. O, milli-mənəvi irsimizin tərkib hissəsi kimi tolerant və multikultural dəyərlərimizin qorunması və təbliği istiqamətində rayon ərazisində həyata keçirilən silsilə tədbirlərdən danışıb.
Dövlət-din münasibətlərindən, bu sahəni tənzimləyən qanunvericilik bazasından danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Dövlət Komitəsinin dini radikalizmlə mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlərdən bəhs edib. Komitənin sədr müavini ölkəmizin zəngin multikultural mühitinə əsas təhlükə törədən potensial və real təhdidlərə diqqət çəkərək, dini radikalizmin doğura biləcəyi mənfi nəticələrdən danışıb. Bildirib ki, məzhəb müxtəlifliyi şəraitində multikultural cəmiyyətlərdə, xüsusilə İslam dininə mənsub toplumlarda ənənəvi İslamın zəifləməsi fonunda xarici təsirlərin güclənməsi prosesi gedir. Dini radikalizmin güclənməsi dinin siyasiləşdirilməsinə, tolerantlığın zəifləməsi isə məzhəbçiliyin güclənməsinə, dini kimliyin milli kimliyə qarşı qoyulmasına, cəmiyyətdə qütbləşmənin və sosial təbəqələşmənin yaranmasına aparıb çıxara bilər. Belə cəmiyyətlərdə qadın hüquqlarının məhdudlaşdırılması, xurafat meyillərinin artması, dünyəvi təhsilə qarşı çıxışların müşahidə olunması xarakterik haldır.
Diskussiya şəraitində keçən tədbirdə dini radikalizmə qarşı birgə mübarizənin vacibliyi, bu sahədə ziyalıların və müəllimlərin üzərinə düşən vəzifələr, eyni zamanda milli-mənəvi dəyərlərimizin qorunması, nümunəvi Azərbaycan gəncinin əsas xüsusiyyətləri barədə  geniş fikir mübadiləsi aparılıb.  

Keçidlər