Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 23-də Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbulda 18 vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini ədəbiyyatla təmin olunma və sair məsələlərlə bağlı olub.
Vətəndaşlar Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən diqqətlə dinlənilib. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülüb.
Vətəndaşlar qəbul üçün yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.