Kürdəmirdə “Erkən nikah və onun fəsadları” movzusunda tədbir keçirilib
Oktyabrın 28-də şəhər 2 saylı tam orta məktəb-liseydə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərlinin iştirakı ilə “Erkən nikah və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə şəhər 2 saylı tam orta məktəbin direktoru Elnur Məmmədli, rayon Polis şöbəsinin əməkdaşı Asif Əhmədov, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının həkimləri, təhsil işçiləri, valideynlər, yeniyetmə və gənclər iştirak edirdilər.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli iştirakçıları salamlayaraq bildirdi ki, “Erkən nikah” ümumiyyətlə istər Şərq, istərsə də Qərb ölkələrində çox aktual bir məsələdir. Ailə quran tərəflərin yaşlarının rəsmi nigah üçün müəyyən olunmuş yaş həddindən belə aşağı olması ailədə bir sıra problemlərə gətirib çıxarır. Bu kimi ailələrdə nigahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur.
Vəsilə Əsgərli qeyd etdi ki, ailə cəmiyyətdə mövcud olan mühüm institutlardandır. Onu qurmaq, qoruyub saxlamaq, yaş və psixi baxımından inkişaf tələb edir.Biz bu gün erkən nikahların fəsadlarını-nəticələrini boşanmaların səbəblərində axtarmalıyıq, internat evlərində uşaqların sayının artmasında axtarmalıyıq, insan alverinin qurbanı olan qadınların saylarının artmasında axtarmalıyıq. Bu kimi problemlərin həlli yolunda isə güclü maarifləndirmə işləri aparmalıyıq.
Digər tədbir iştirakçıları da nəzərə çatdırdılar ki, erkən nikah doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi olaraq qalmaqdadır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atır, boşanma hallarını artırır. Erkən nikah mühüm problemdir, çünki iki nəslin, həm indiki, həm gələcək nəslin nümayəndələrinə sağalmaz yaralar vurur.
Daha sonra “Gənclərin zərərli vərdişlərdən çəkindirilməsi”, “Qızların təhsildən yayınmasının qarşısının alınması” mövzularında diskussiyalar aparmışdır.