Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir müəllimlərinin sentyabr konfransı keçirilib

09 sentyabr 2016 | 16:00

Sentyabrın 9-da rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir rayon təhsil işçilərinin 2015/2016-cı dərs ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı ənənəvi konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin  əməkdaşı  Almaz Əsgərova  iştirak edirdilər.
Konfransda Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və keçən konfransdan ötən müddətdə dünyasını dəyişmiş müəllimlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Son dövr Kürdəmir təhsilində qazanılan naliyyətləri özündə əks etdirən video-çarxa baxıldı, şəhər 3 saylı tam orta məktəbinin şagirdlərinin hazırladıqları kompazisiya dinlənildi. 
Konfransda rayon təhsil şöbəsinin müdir əvəzi Mətləb Allahverdiyevin məruzəsi dinlənildi.Məruzədə qeyd olunub ki, 2016-cı ildə rayonun ümumtəhsil məktəblərini bitirmiş 979 nəfər məzundan 508 nəfəri  (51,8%-i)  ali məktəblərə qəbul olunmaq üçün elektron ərizə vermiş, onlardan birinci mərhələnin yekunlarına əsasən 172 nəfəri (əvvəlki illərlə bir yerdə 205 nəfər), və ya sənəd verənlərin 33,8%-i ali məktəblərə, 64 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul  qəbul olunanlardan 37 nəfəri 500 baldan,  o cümlədən 10 nəfəri 600 baldan çox, 1 nəfər isə 700 bal toplayaraq Kürdəmir təhsilində ilk dəfə olaraq ən yüksək nəticəni göstərmiş, bununla da həmin şagirdlər  dərin bilik və bacarığa, proqramın tələbləri baxımından yüksək hazırlığa malik olduqlarını nümayiş etdirmişlər. Şəhər 1, 2, 3, 5, 6 saylı, Dəyirmanlı, Topalhəsənli, Bağman, Sığırlı, Yenikənd, Köhnəbazar, Ərşəli kənd tam orta məktəblərin məzunları daha yüksək bal toplamağa nail olmuşlar ki, ali məktəblərə qəbul olunanların əksəriyyəti məhz həmin məktəblərin məzunlarıdır. Şəhər 2 saylı tam orta məktəb-liseyin məzunu Qasımov Təbriz Nazim oğlu 700 ballıq nəticə göstərərək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquqşünaslıq” fakultəsinə, Dəyirmanlı kənd tam orta məktəbinin məzunu Məmmədli Gilə Mübariz qızı 685 bal toplayaraq Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsinə qəbul olunublar.
Məruzə ətrafında müzakirələrədə şəhər 1 saylı tam orta məktəbin direktoru  Vüqar Nəsirov, şəhər 2 saylı tam orta məktəbin məzunu, qəbul imtahanında 700 bal toplamış, Azərbaycan Respublikası  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Təbriz Qasımov, valideyn Aslan Həsənov,2015-ci ildə “Ən yaxşı müəllim”   müsabiqəsinin qalibi, şəhər 3 saylı tam  orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günəş Xudiyeva, şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Ülviyyə Şükürova, Dəyirmanlı kənd tam orta məktəbin riyaziyyat müəllimi Ulduz Baxışova çıxış ediblər.
Məruzə və çıxış edənlər ölkəmizdə təhsilin hərtərəfli inkişafı üçün böyük diqqət və qayğı göstərdiklərinə görə dövlət başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirmiş, göstərilən diqqət və qayğılara yüksək əməli işlərlə cavab verəcəklərini böyük inam hissləri ilə vurğulayıblar. Konfransda qeyd edilib ki, rayonumuzun pedaqoji kollektivləri də ölkə rəhbərliyinin qayğı və diqqətindən kənarda qalmamış, son illər rayonun 17 nəfər qabaqcıl müəllimi və təhsil işçisi müxtəlif fəxri adlara layiq görülmüşlər.Rayon üzrə təltif edilənlərin 6 nəfərinin “Əməkdar müəllim”, 7 nəfərinin “Tərəqqi” medalına, 2 nəfərinin “Qabaqcıl təhsil işçisi” döş nişanına, 5 nəfərinin “Ən yaxşı müəllim”, şəhər 1, 2, 3 və 6 saylı tam orta məktəbləri isə ayrı-ayrı illərdə “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi adına layiq görülməsi təhsilimizin tarixində çox mühüm hadisədir.Ölkə Prezidentinin 21 dekabr 2015-ci il tarixli Sərəncamı ilə rayonun şəhər 3 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Xudiyeva Günəş Şərəfəddin qızı “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olublar.
Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin  əməkdaşı   Almaz Əsgərova çıxış etdi.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov konfransda çıxış edərək rayonda təhsilin inkişafı üçün öz məsləhət və tövsiyələrini vermiş, həmçinin əminliklə belə fikri ifadə etmişdir ki, rayonun təhsil işçiləri respublika Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün var qüvvələrini bundan sonrada sərf edəcəklər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov tərəfindən ali məktəblərə yüksək balla daxil olmuş rayon məzunlarına və bir qrup qabaqcıl təhsil işçilərinə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olundu.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət oxundu.

Keçidlər