Kürdəmir şəhidlərinin 40 mərasimləri keçirildi
Mayın 20-də Kürdəmir rayonunda aprel döyüşlərində erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbiçimiz baş leytenant Əbubəkir İsmayılovun və cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan Ordusunun giziri Tural Qurbanovun qırx mərasimləri keçirilib.
Mərasimlərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, Müdafiə Nazirliyinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və ziyalılar, şəhidin yaxınları, gənclər, rayon ictimaiyyətin nümayəndələri və sakinləri iştirak ediblər.
Böyük izdihamla keçən hüzr mərasimlərində şəhidlərin həyat və döyüş yollarından söhbət açılıb, bütün şəhidlərimizin ruhuna dualar oxunub.
Mərasimdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən aprel döyüşlərində erməni hərbi birləşmələrinin hücumunun qarşısının qətiyyətlə alındığı, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində sarsıdıcı zərbələrlə qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin vahimə içində geri çəkildiyini və nəticə etibarilə işğal altında olan geniş ərazilərimizin azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu vurğulayıb. O öz çıxışında qeyd edib ki, bütün şəhid övladlarımızın əziz xatirəsi qəlbimizdə, xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq və heç zaman unudulmayacaq. İcra Başçısı yaxın günlərdə Kürdəmir şəhərində hər iki şəhidimizin adına küçə adlarının veriləcəyini bildirdi. Rayon rəhbəri bu gün xalqımızda qələbəyə inam əzminin daha güclü olduğunu və bu inamın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında günü-gündən inkişaf edən, maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin sayəsində daha da yüksəldiyini, tezliklə erməni qəsbkarları üzərində möhtəşəm qələbəni işğal altından azad olunmuş əzəli torpaqlarımızda gerçəkləşəcəyini əminliklə ifadə etdi.
Sonra Müdafiə Nazirliyinin əməkdaşı tərəfindən müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı şəhid Tural Qurbanovun atasına təqdim edilib.
Sonda Şəhidin atası Gürşad Qurbanov dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib,Turalın tək özünün deyil, həm də şanlı Vətənin övladı olaraq müqəddəs şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu söylədi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!