Kürdəmirdə “Multikulturalizm ili” ilə əlaqədar tədbir keçirilib
Mayın 16-da rayonun Qarabucaq kəndində Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə “Məhsəti türklərinin tarixi; dünəni, bu günü, sabahı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Qarabucaq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham Allahverdiyev, kənd ağsaqqalları və ziyalıları, kənd ictimaiyyətinin nümayəndələri, qəsəbə ərazisində məskunlaşmış məhsəti türkəri iştirak etdilər.
Tədbirdən əvvəl “Məhsəti türklərinin mətbəxi” adlı sərgi nümayiş etdirilmiş, tədbir iştirakçılarına məhsəti türkləri tərəfindən hazırlanmış şirniyyat, ədviyyat, yeməklər və sair təqdim edildi.
Tədbirdə “Multikultural dəyərlər və müasir zaman” mövzusunda çıxış edən Kürdəmir rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmi Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Dövlətimizin başçısı daim ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edir. Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri həm də mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar forumların keçirilməsidir.Vaqif Alıyev qeyd edib ki, Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu mühüm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri rejimində fəaliyyət göstərməsini reallaşdırır. Heydər Əliyev Fondunun düşünülmüş, sistemli fəaliyyətində multikulturalizmin mühüm aspektlərindən biri olan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi istiqaməti xüsusi yer tutur.Fondun Prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, “Qloballaşma şəraitində mədəniyyətlərin rolu”, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgəyaşama”, “Azərbaycan – tolerantlıq məkanı” layihələrini xüsusi qeyd etmək olar. Vaqif Alıyev bildirib ki, müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bununla bağlı tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Bütün bunların nəticəsidir ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan olunub.
Tədbirdə “Dost mədəniyyətlər, oxşar talelər” mövzusunda Qarabucaq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlham Allahverdiyev , “Məhsəti türklərinin tarixi” mövzusunda Qarabucaq kənd ümumi orta məktəbinin direktoru, məhsəti türkü Sərvər Həsənov, “Məhsəti türklərinə dövlət qayğısı" mövzusunda” məhsəti türkü Mustafa Əliyev çıxış edərək Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycanda yaşayan azsaylı xalqlara və etnik qruplara göstərdiyi diqqət və qayğıdan geniş söhbət açdılar, Azərbaycan xalqına və dövlətinə minnətdarlıqlarını bildirdilər.