Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə aqrar sahə uğurla inkişaf etdirilir

12 may 2016 | 16:00


Mayın 12-də rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə əlaqədar yaradılmış işçi qrupunun iştirakı ilə müşavirə keçirilib.İşçi qrupu əvvəlcə Karrar qəsəbəsində Ramin Əsədova, Çöhranlı kəndində Mübariz Hacıyevə məxsus hər biri 80 hektar olan pambıq sahələrinə, Çöhranlıda kümçü Asif Quliyevin kümxanasına baxış keçirərək sahibkarların işi ilə tanış olub, onların qayğıları ilə maraqlanıblar. Sonra Muğanlı kəndində “Mars FK” MMM-yə məxsus bağçılıq təsərrüfatına gəliblər. Müəssisənin 400 hektar sahədə 6 növdə nar bağı, 400 tonluq soyuducu anbarı, kifayət qədər texnikası var və bağ müasir texnologiya ilə suvarılır.İşçi qrupu 2013-cü ildən fəaliyyət göstərən, sutkalıq istehsal gücü 120 ton olan və 12 çeşiddə məhsul istehsal edilən Kürdəmir süd emalı zavodunun fəaliyyəti, buradakı istehsal prosesi ilə tanış olub.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin Aqrar və Sənaye Məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Regional İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş şöbəsinin baş məsləhətçisi Rüfət Məmmədov, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev iştirak etmişlər.
İnzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, fermerlərin, sahibkarların, şirkət təmsilçilərinin, xidmət qurumlarının iştirak etdiyi tədbiri giriş sözü ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov açaraq Kürdəmirdə sosial-iqtisadi sahələrdə həyata keçirilən layihələr, cari ildən etibarən pambıqçılığın və baramaçılığın inkişafı istiqamətində görülən işlər barədə geniş məlumat verib.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin Aqrar və Sənaye Məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov  ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində yeni mərhələnin başlandığını vurğulayıb, Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarını diqqətə çatdırıb. Xüsusilə, ixrac yönümlü məhsulların, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı istiqamətində respublikamızda görülən işlərdən, bu sahələrə dövlət dəstəyindən bəhs edən Azər Əmiraslanov Kürdəmir rayonunda vaxtilə ənənəvi olan həmin sahələrin perspektivlərindən danışıb. Prezidenti Administrasiyasının şöbə müdiri deyib ki, pambıqçılıqda ilkin mərhələ - torpaq sahələrinin ayrılması məsələsi həll olunub, bu sahədə maneələr aradan qaldırılıb. Qısa müddətdə kifayət qədər çiyid və səpin aqreqatları gətirilib və əkin kampaniyası başa çatdırılıb. Artıq yaxın günlərdə respublikamıza becərmə texnikası da gətiriləcək.Çıxışının sonunda Azər Əmiraslanov kənd təsərrüfatı işlərində dövlətin, fermerlərin və emal müəssisələrinin birgə əməkdaşlığının zəruri olduğunu söyləyib və müşavirə iştirakçılarını açıq müzakirələrə dəvət edib.
Prezident İlham Əliyevin Azərbaycanda kənd təsərrüfatının inkişaf potensialının yüksək olduğu fikrini diqqətə çatdıran sahibkar Cümşüd Babayev Kürdəmir rayonunda nəinki taxılçılıq, pambıqçılıq və baramaçılığın, habelə qeyri-ənənəvi sahələrin inkişafı üçün də yaxşı imkanlar olduğunu bildirib.
Sonra müşavirə diskussiya şəraitində davam etdirilib. Fermerləri, ümumən torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb, onların qayğı və problemlərinin operativ həlli diqqət mərkəzində saxlanılıb. Müşavirədə rayonda pambıq qəbulu məntəqəsinin fəaliyyətinin bərpa edilməsi, məhsulun satınalma qiymətinin artırılması, nar ixracı assosiasiyasının yaradılması, arıçılığa dəstək göstərilməsi, su kanallarının yenidən qurulması, baramaçılıqda yem bazasının möhkəmləndirilməsi məqsədilə yeni tut bağlarının salınması və sair təkliflər səsləndirilib. Təklif və müraciətlər araşdırılaraq həll olunmaq üçün nəzarətə götürülüb.

 

Keçidlər