Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlər ölməz, Vətən bölünməz!

06 may 2016 | 16:00

Mayın 6-da Qalib Əliyev adına Qarabucaq kənd tam orta məktəbində məktəbin məzunu “Azərbaycan bayrağı” ordenli kiçik leytenant, şəhid Yaşar Kərəm oğlu Rəhimovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli, Kürdəmir Rayon Təhsil Şöbəsinin müdir əvəzi Mətləb Allahverdiyev, Kürdəmir rayon Qarabağ Müharibəsi əlilləri, veteranları və Şəhid ailələri ictimai birliyinin sədri Fərəc Dadaşov, şair Əli Həsən, şair-hərbiçi Maşallah Məftun, şəhid ailələrinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və əlilləri , kənd ağsaqqalları və ziyalıları iştirak edirdilər.   
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəhman Mikayılov  şəhid Yaşar Kərəm oğlu Rəhimovun  mənalı həyat və şərəfli döyüş yolundan danışaraq qeyd edib ki,  1993-cü ildən Qarabağ uğrunda gedən döyüşlərə qoşulan Yaşar Rəhimov 1993-1994-cü illərdə cəbhənin Ağdam rayonun Sırxavənd, Mehmanə, Dovşanlı kəndlərində gedən  döyüşlərdə böyük şüacət göstərmiş, 1994-cü il may ayının 8-də Ağdərə rayonunun 3 nömrəli sovxozu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, Azərbaycan Respublikasının Prezidentinin 1994-cü il 9 oktyabr fərmanı ilə “Azərbaycan bayrağı” ordeninə layiq görülmüşdür.
Çıxışlarda Azərbaycan Ordusunun qüdrətindən, gənclərimizin Vətən sevgisindən, əsgərlərimizin döyüşlərdəki şücaətindən fəxarətlə bəhs edilib. Əminliklə bildirilib ki, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi sayəsində işğal altındakı bütün torpaqlarımız tezliklə azad olunacaq.
Qeyd olunub ki, belə tədbirlərin keçirilməsində məqsəd Vətənə xidmət etmiş, şəhidlik zirvəsinə ucalmış mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların indiki və gələcək nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir.
Tədbirdə şəhid ailələrinin nümayəndələri çıxış edərək tədbirin təşkilatçılarına şəhidin xatirəsini əziz tutduqlarına görə öz minnətdarlıqlarını bildirdilər. 
Tədbirin sonunda məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Keçidlər