Kürdəmirdə Zərifə xanım Əliyevanın 93-cü ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib
Aprelin 28-də Kürdəmir rayon Mərkəzi Kitabxanasında əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, görkəmli alim – oftolmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü illiyinə həsr edilmiş “Mehriban ana, sədaqətli həyat yoldaşı, qayğıkeş həkim” adlı dəyirmi masa təşkil edilib.
Oxucuların və mədəniyyət işçilərinin iştirak etdiyi yubiley tədbirini rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev açaraq Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, qeyd etdi ki, Zərifə xanım bütün Azərbaycan qadınlarının malik olduğu keyfiyyətlərin özündə bir növ ümumiləşdirilmiş şəkildə daşıyıcısı idi. O, Azərbaycan qadınının nələrə, hansı fədakarlıqlara qadir olmasını göstərirdi. Zərifə xanım bütün keyfiyyətləri ilə hər bir qadına nümunə idi.
Sonra tədbir iştirakçıları “Elegiya” adlı sənədli filmə tamaşa etdilər. Sonra MKS – nin direktor müavini İradə Mahmudova, Mədəniyyət mərkəzinin direktoru Sevinc Həsənova, Mərkəzi kitabxananın şöbə müdirləri Nuranə Mürsəlova, Aidə Abdurrahmanova və başqaları çıxış edərək Azərbaycan elminin və səhiyyəsinin inkişafında Zərifə xanım Əliyevanın böyük rolundan söhbət açdılar. Çıxış edənlər gözəl insan, əsl azərbaycanlı ana olan Zərifə xanım Əliyeva haqqında məhəbbətlə danışdılar.
Tədbirdə “ Mehriban ana, sədaqətli həyat yoldaşı, qayğıkeş həkim” adlı slayd, Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş slayd və “Zərifə Əliyeva- 93” adlı sərgi nümayiş etdirilib.