Kürdəmirdə qanvermə aksiyası təşkil olunub
Aprelin 20-də Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsində könüllü qanvermə aksiya təşkil olunub. Ənənəvi aksiya talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara, eləcə də son günlər cəbhə bölgələrində düşmən təxribatı nəticəsində yaralanan hərbi qulluqçulara, mülki vətəndaşlara yardım məqsədi ilə keçirilib.
Humanitar tədbirdə könüllü olaraq rayon əhalisi, o cümlədən icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, gənclər iştirak ediblər.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları əvvəlcə vətəndaşları müayinə ediblər. Aksiyada 950 nəfərədək əhali iştirak etmişdir ki, onlardan da 152 nəfərdən qan götürülərək Mərkəzi Qan Bankına təhvil verilmişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə ediləcək.